Paytaxtda ilk müasir dəmir yolu konteyner və yük terminalı olan “Tbilisi Dry Port” rəsmi olaraq fəaliyyətə başlayıb. 24News.ge xəbər verir ki, terminal gömrük zonası statusu və dəmir yolu infrastrukturuna dair təhlükəsizlik sertifikatı alıb.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, liman Gürcüstanın əsas dəniz limanları – Poti, Batumi və gələcək Anakliya limanı ilə yanaşı, Qafqaz və Mərkəzi Asiya regionunda yük axınlarında mühüm tranzit rolu oynayacaq. Layihənin ümumi sahəsi 286,000 kv.m-dir. Hazırda birinci mərhələsi başa çatıb və 21 milyon dollar investisiya ilə 100,000 TEU gücündə illik konteyner emalı təmin edir. Növbəti mərhələlərdə bu rəqəm 200,000 TEU-ya qədər artırılacaq.
Port ilk konteyner qatarını 3 may tarixində Batumidən qəbul edib. MSC-yə məxsus 30 konteynerdə hər biri 26 tondan artıq yük olub ki, bu da dəmir yolu daşımalarının effektivliyini göstərir. Portun üstünlükləri sırasında beynəlxalq avtomobil yollarına birbaşa çıxış, şəhər mərkəzindən yan keçmə imkanı, milli dəmir yolu şəbəkəsinə inteqrasiya və 70 km məsafədə yerləşən Ermənistan və Azərbaycan sərhədləri, həmçinin Tbilisi Beynəlxalq Hava Limanından cəmi 7 km uzaqlıqda yerləşməsi qeyd olunur. “Tbilisi Dry Port” layihəsi Abu Dhabi Ports Group, Wilhelmsen Port Services və yerli Inveco şirkətinin əməkdaşlığı ilə həyata keçirilir.