Azərbaycan və Çin gömrük xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

2

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyaları çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin nümayəndələri ilə ikitərəfli görüşü keçirilib.

Görüş zamanı iki ölkənin gömrük orqanları arasında qarşılıqlı əməkdaşlıq üzrə nailiyyətlər və gələcək inkişaf perspektivləri müzakirə olunub. COP29-da iştirak, eləcə də Azərbaycan Gömrük Xidməti tərəfindən hazırlanan “Yaşıl Gömrük” konsepsiyası üzrə Bakı Bəyannaməsinə göstərilən dəstəyə görə Çin Gömrük Xidmətinə təşəkkür ifadə olunub.

Orta Dəhliz boyunca daşımaların həcminin artdığı və Çindən gələn yüklərin bu marşrutda üstünlük təşkil etdiyi nəzərə alınaraq tranzit sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Azərbaycan Gömrük Xidmətinin əməkdaşları üçün Çin Xalq Respublikasında təşkil olunan silsilə təlimlərin əhəmiyyəti vurğulanıb və bu sahədə əməkdaşlığın davam etdirilməsi qeyd edilib.

Tərəflər arasında, həmçinin Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında “Çin-Avropa Dəmir Yolu Ekspres Konteynerləri (C-TOP)” layihəsi çərçivəsində təhlükəsizliyə nəzarətin və sürətləndirilmiş rəsmiləşdirmə prosedurlarının həyata keçirilməsi üzrə hazırlanmaqda olan Protokolla bağlı müzakirələr aparılıb. Çin nümayəndəsi bu layihə vasitəsilə 16 informasiya göstəricisinə dair məlumat mübadiləsinin həyata keçirildiyini və bu mexanizmin daha rahat və düzgün məlumat axınına imkan yaradacağını vurğulayıb.

Çin istehsalı olan rentgen avadanlıqlarının istifadəsi kontekstində Çin tərəfi süni intellekt əsaslı texnologiyalardan (AI-powered scanning techniques) istifadə edilməklə həyata keçirilən baxış sistemləri barədə məlumat verib və bu sahədəki təcrübənin paylaşılmasına hazır olduqlarını bildirib.

Eləcə də görüşdə Çin nümayəndəsi tərəfindən ÜGT-nin dəstəyi ilə təqdim olunan “Smart Customs” adlı onlayn platforma barədə məlumat diqqətə çatdırılıb və bu sahədə təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.