Dənizçi sertifikatlarının yenilənməsi sadələşdirildi!

438

Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin sertifikatlaşdırılması sistemində mühüm dəyişiklik edib. Kapitan və komandir heyətinin diplomlarının yenilənməsi prosesi yüngülləşdirilib.

Denizxeber.az bildirir ki, yeni qaydalara əsasən, son 5 ildə azı 12 ay və ya son 6 ayda azı 3 ay dənizdə iş stajı olan kapitan və komandirlər imtahansız və təkmilləşdirmə kursu keçmədən sənədlərini yeniləyə biləcəklər. Bunun üçün sadəcə iş stajını təsdiqləyən sənədi təqdim etmək və Agentlikdə qısa təlimatlandırmadan keçmək kifayət edəcək.

Bu yenilik 22 iyun 2026-cı il tarixindən etibarən tətbiq olunacaq. Diplomlarının vaxtına 6 aydan az qalmış dənizçilər indidən yenilənmə üçün müraciət edə bilərlər.

İndiyə qədər qüvvədə olan qaydalara görə, dənizçilər stajları olsa belə, əlavə olaraq ya təkmilləşdirmə kursu keçməli, ya da Agentliyin imtahanında iştirak etməli idilər. Yeni qərarla bu tələblər ləğv edilir. Lakin dənizdə lazımi iş stajı olmayan şəxslər üçün kurs və ya imtahan tələbi qüvvədə qalacaq.

Dəyişikliyin məqsədi dənizçilərin işini asanlaşdırmaq, sənədləşmə prosesini sürətləndirmək və beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşmaqdır.