Avropa İttifaqının (Aİ) “Global Gateway” strategiyası çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca nəqliyyat infrastrukturuna yatırılan investisiyalar genişlənməkdə davam edir. Mütəxəssislərin rəyinə görə, bu iri miqyaslı layihələr təkcə Mərkəzi Asiya ölkələri üçün deyil, Azərbaycanın regional dəniz və logistika mərkəzi kimi strateji mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Denizxeber.az “Avtosfer.az”-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspert qeyd edib ki, Özbəkistanda A-380 magistral yolunun Nukus şəhəri ətrafındakı 41 kilometrlik hissəsinin yenidən qurulması və genişləndirilməsi üzrə yeni layihə Aİ-nin “Global Gateway” təşəbbüsü çərçivəsində reallaşdırılacaq. Sənəd Avropa İnvestisiya Bankı (EIB) və İslam İnkişaf Bankının (IsDB) tələblərinə uyğun olaraq hazırlanıb.
A-380 magistralı Qaraqalpaqstan üzərindən Qazaxıstanla nəqliyyat əlaqəsini təmin edən və Xəzər dənizi limanlarına (Aktau və Kurık) çıxışı formalaşdıran əsas avtomobil koridorudur. Bu marşrutun beynəlxalq standartlara uyğun yenilənməsi Transxəzər marşrutu üzrə yükdaşımaların sürətini, təhlükəsizliyini və logistik etibarlılığını əhəmiyyətli dərəcədə artıracaq.
Rauf Ağamirzəyev diqqətə çatdırıb ki, bu magistralın digər strateji hissəsində tikinti işləri artıq Azərbaycan şirkətinin iştirakı ilə uğurla icra edilib. Belə ki, “North West Construction” və Türkiyənin “Polatyol Yapı” şirkəti CAREC Dəhliz 2 layihəsi çərçivəsində A-380 yolunun Kunqrad–Daut-Ata istiqamətində yerləşən ilk üç hissəsini inşa edib. Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən tikinti işləri 2024-cü ildə başa çatdırılıb.
Bu fakt Azərbaycanın Orta Dəhliz boyu yalnız tranzit dəniz və quru ölkəsi kimi deyil, həm də beynəlxalq nəqliyyat-infrastruktur layihələrində rəqabətqabiliyyətli baş podratçı kimi çıxış etdiyini nümayiş etdirir.
Ekspert vurğulayıb ki, Orta Dəhlizin hər bir Mərkəzi Asiya seqmentində həyata keçirilən infrastruktur layihələri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Azərbaycan Dəmir Yolları və Xəzərdən keçən bərə/konteyner daşımalarının həcminin artmasına birbaşa müsbət təsir göstərir. Dəhlizin rəqabət qabiliyyəti yalnız liman və gəmiçilik imkanları ilə deyil, onları tamamlayan modern avtomobil və dəmir yollarının inteqrasiyası ilə təmin edilir.
Yekunda ekspert hesab edir ki, Avropa İttifaqının yeni dəniz və quru infrastrukturu təşəbbüsləri Orta Dəhlizin Mərkəzi Asiya hissəsini daha sürətli və rəqabətqabiliyyətli nəqliyyat marşrutuna çevirməklə yanaşı, Azərbaycanın Xəzəryanı regionun əsas logistika və nəqliyyat qovşağı kimi mövqeyini daha da gücləndirəcək.





