Argentina hökuməti Böyük Britaniyadan mübahisəli Malvin (Folklend) adaları yaxınlığında həyata keçirilməsi planlaşdırılan neft hasilatı layihəsini dayandırmağı tələb edib. Buenos-Ayres əks halda Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət edəcəyini açıqlayıb.
Denizxeber.az bildirir ki, bu barədə Argentina prezidentinin administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Argentina Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından iki həftə ərzində Argentinanın kontinental şelfində karbohidrogen ehtiyatlarının çıxarılmasına yönəlmiş fəaliyyətlərin başlanmasının və ya davam etdirilməsinin qarşısını almaq üçün zəruri addımları atmağı rəsmi şəkildə tələb edib. Birləşmiş Krallıq müəyyən edilmiş müddətdə bu tələbə məhəl qoymazsa, Argentina Respublikası kontinental şelf üzərindəki suveren hüquqlarını qorumaq məqsədilə müvəqqəti tədbirlərin görülməsi üçün Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət edəcək”, – deyə açıqlamada bildirilir.
Qeyd olunub ki, Argentina Prezidenti Xavyer Miley “Sea Lion” neft layihəsinin həyata keçirilməsinin qarşısını almaq məqsədilə Xarici İşlər Nazirliyinə və hökumətin hüquqşünas qruplarına BMT-nin Dəniz Hüququ Konvensiyasının VII Əlavəsində nəzərdə tutulan arbitraj proseduruna başlamağı tapşırıb.
Sentyabrın 3-də Miley xalqa müraciətində Malvin adalarında neft hasil edən şirkətlərə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəyini açıqlamışdı. Buna Böyük Britaniyanın “Rockhopper Exploration” və İsrailin “Navitas Petroleum” şirkətlərinin “Sea Lion” neft yatağının işlənməsi layihəsinə tezliklə başlaması səbəb olub.
Daha sonra Argentina hökuməti mübahisəli ərazidə karbohidrogen hasilatı ilə bağlı 60 hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq etmək qərarını açıqlayıb.





