Strateji qiymətləndirmə

41

Bakı Limanı Orta Dəhlizin ən mühüm qovşaqlarından biridir. Azərbaycanın ərazisində və Xəzər dənizinin qərb sahilində müqayisəolunan gücə və əməliyyat imkanlarına malik başqa universal yük limanı yoxdur.

Denizxeber.az bildirir ki, bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” hesabatında bildirilir.

Sənədə əsasən, Bakı Limanının yükaşırma gücünün hazırkı 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Limanın konteyner emalı gücü isə birinci mərhələdə 150 min TEU-dan 260 min TEU-ya, növbəti mərhələdə təxminən 500–650 min TEU-ya yüksəldiləcək.

Hesabatda qeyd olunur ki, genişləndirmə işləri, xüsusilə, mövcud giriş kanalında dibdərinləşdirmə tədbirlərini, həmçinin mövcud və planlaşdırılan körpü sahələrində işləri əhatə edir.

“2025-ci ildə Bakı Limanı 107 min TEU daxil olmaqla, 8,2 milyon ton yük emal edib. Limanın konteyner dövriyyəsi illik ifadədə 39 faiz artıb”, – deyə hesabatda bildirilir.

Dünya Bankı Bakı Limanının dövlət-özəl tərəfdaşlığı sahəsində də təcrübəyə malik olduğunu qeyd edir. Belə ki, özəl sektorun iştirakı ilə gübrələrin aşırılması terminalı yaradılıb, həmçinin ayrı-ayrı ümumi və konteyner yüklərinin emalı əməliyyatlarında özəl stevedor şirkətlərinin iştirakı genişləndirilib.

Dünya Bankının qiymətləndirməsinə görə, yeni terminalların, o cümlədən ixtisaslaşdırılmış konteyner terminalının tikintisi ilə Bakı Limanının 25 milyon tona və təxminən 500–650 min TEU-ya qədər genişləndirilməsi limanın idarəetmə modelinin dəyişdirilməsi üçün imkan yaradır.

Sənəddə bildirilir ki, bu proses çərçivəsində limanın idarə edilməsində “landlord-port” modelinin prinsiplərindən daha geniş istifadə edilə, yeni terminalların idarə olunmasına isə rəqabət əsasında bağlanacaq uzunmüddətli konsessiya müqavilələri ilə bir və ya bir neçə aparıcı beynəlxalq özəl operator cəlb oluna bilər.