XİN Qara dənizdə gəmiyə hücumla bağlı bəyanat yayıb: Vətəndaşlarımız xilas edilib

13

Oktyabrın 13-də gecə saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə “CHELSEA-3” yük gəmisi dron hücumuna məruz qalıb.

Denizxeber.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavabında bildirib. A.Hacızadə qeyd edib ki, 15 nəfərdən ibarət gəmi heyətində yer alan 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib. Onlardan 1993-cü il təvəllüdlü Ramin Qəmbərli Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və səhhəti nəzarətdədir. Digər 7 nəfərin vəziyyəti isə qənaətbəxşdir.

XİN rəsmisi diplomatik nümayəndəliklərin və aidiyyəti qurumların koordinasiyalı şəkildə vətəndaşlara tibbi və konsulluq dəstəyi göstərdiyini, onların təhlükəsiz qayıdışının təşkil edildiyini bildirib. Nazirlik bir daha vətəndaşları hərbi əməliyyatların getdiyi riskli bölgələrə, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.