Xəzər dənizində dibdərinləşdirmə işləri Aktau limanının fəaliyyətini necə dəyişəcək?

11

Oktyabr ayında Aktau dəniz limanında əsas dibdərinləşdirmə işlərinə başlanılıb. Layihənin həyata keçirilməsi yükdaşımaların həcminin artırılmasına və yüklərin çatdırılma xərclərinin azaldılmasına imkan verəcək.

Denizxeber.az bildirir ki, Layihənin dəyəri, icraçısı və işlərin başa çatdırılma müddəti barədə “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” Milli Şirkəti” SC məlumat verib.

Aktau dəniz limanında dibdərinləşdirmə işlərini Çinin China Harbour Engineering Company Ltd (CHEC) şirkəti həyata keçirir. Dövlət şirkəti hesab olunan CHEC liman infrastrukturunun tikintisi üzrə ixtisaslaşıb.

Şirkət layihənin baş podratçısıdır və geodeziya tədqiqatlarından başlayaraq dəniz dibindən qruntun çıxarılmasına qədər bütün işləri yerinə yetirir. Liman administrasiyası, həmçinin layihədə Fransa şirkətinin iştirak etməsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Dibdərinləşdirmə işləri Aktau limanının akvatoriyasını, o cümlədən giriş kanallarını və körpülərin yaxınlığındakı sahələri əhatə edir. İşlərin ümumi sahəsi 77,1 hektar təşkil edir.

Liman administrasiyasının izahına görə, Xəzər dənizində su səviyyəsinin azalması və dayazlaşma nəticəsində gəmilər limana tam yüklə daxil ola bilmirlər. Hazırda körpülər yaxınlığında dərinlik 4,5–5 metr arasında dəyişir. İşlər başa çatdıqdan sonra bu göstəricinin 6–7 metrə çatdırılması nəzərdə tutulur. Bunun üçün dəniz dibindən təxminən 1,3 milyon kubmetr qrunt çıxarılacaq.

Çıxarılan qrunt xüsusi olaraq ayrılmış ərazilərə daşınacaq. Ondan, həmçinin yeni körpülərin tikintisi üçün süni ərazinin yaradılmasında istifadə olunacaq.

Liman administrasiyasının proqnozlarına əsasən, dibdərinləşdirmə işləri başa çatdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) üzrə yükdaşımaların həcmi 30%-dək arta bilər. 2028-ci ilədək bu istiqamətdə illik buraxılış qabiliyyətinin 6 milyon tondan 10 milyon tona çatdırılması planlaşdırılır. Layihə, həmçinin gəmiçilik xərclərinin azalmasına şərait yaradacaq.

Şirkətdən bildirilib ki, gəmilərin tam yüklə hərəkət etmək imkanının yaranması nəticəsində dəniz yolu ilə yükdaşıma xərclərinin təxminən 10–15% azalacağı gözlənilir.

Layihənin ümumi dəyəri 20,6 milyard Qazaxıstan tengesi təşkil edir. Maliyyələşdirmə Qazaxıstan hökuməti və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Vəsaitin bir hissəsi kreditlər hesabına cəlb olunub.

Bütün işlərin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.