Trans-Xəzər Fiber-Optik Kabel Xətti Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığın yeni istiqamətini formalaşdırır. Layihə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında rəqəmsal əlaqələri gücləndirməklə yanaşı, regionun beynəlxalq məlumat mübadiləsində imkanlarını da genişləndirir. Aktau ilə Sumqayıt arasında Xəzər dənizinin dibi ilə çəkilən 380 kilometrlik fiber-optik xəttin layihə üzrə ötürücülük qabiliyyəti saniyədə ən azı 400 terabit təşkil edir. Bu infrastruktur Qazaxıstanı və digər Mərkəzi Asiya ölkələrini Azərbaycan vasitəsilə Türkiyənin və Avropanın rəqəmsal şəbəkələrinə bağlamaq məqsədi daşıyır. Layihə ilk növbədə beynəlxalq məlumat marşrutlarının şaxələndirilməsi, rabitənin dayanıqlılığının artırılması və texnoloji imkanların genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Denizxeber.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal Məlumatlar və Rəqəmsal Həllərlə İş Mərkəzinin direktoru, Astana İT Universitetinin dosenti Aliyə Kanatova bildirib.

O qeyd edib ki, müasir dünyada rəqəmsal əlaqələrin fasiləsizliyi iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın əsas şərtlərindən biridir. Buna görə yeni kabel xətti region ölkələrinin qlobal rəqəmsal şəbəkələrə çıxış imkanlarını genişləndirəcək.
Ekspert vurğulayıb ki, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin yeni rəqəmsal arxitekturasının formalaşmasında iştirak edir. Qazaxıstan marşrutun Mərkəzi Asiya hissəsini inkişaf etdirir, Azərbaycan isə Trans-Xəzər xəttinin qərb istiqamətində davamını formalaşdıraraq Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa şəbəkələrinə çıxış yaradır. Məhz bu imkanların birləşməsi birgə infrastruktur layihəsini Asiya ilə Avropa arasında rəqəmsal körpüyə çevirir. Yeni kabel xətti Qazaxıstan üçün beynəlxalq rəqəmsal şəbəkələrə əlavə çıxış imkanı yaradır, milli rəqəmsal infrastrukturun dayanıqlılığını artırır və ölkənin Çin, Mərkəzi Asiya və Avropa arasında əlaqələndirici mövqeyini gücləndirir. Bununla yanaşı, layihə məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və süni intellekt infrastrukturunun inkişafı üçün də əlverişli şərait yaradır. Bu baxımdan, Ekibastuz şəhərində yaradılan “Məlumatların Emalı Mərkəzləri Vadisi” təşəbbüsü də xüsusi əhəmiyyət daşıyır.
Kabel xətti ilə yanaşı, rəqəmsal ekosistem də qurulmalıdır
A.Kanatova qeyd edib ki, sualtı kabel xətti mühüm infrastruktur bazası yaratsa da, layihənin uzunmüddətli nəticələri onun ətrafında formalaşacaq rəqəmsal ekosistemdən asılı olacaq. Bunun üçün məlumatların emalı mərkəzləri, internet trafikinin mübadilə nöqtələri, bulud platformaları, ehtiyat rabitə kanalları və kibertəhlükəsizlik xidmətləri inkişaf etdirilməlidir. Rəqabətədavamlı tariflər, proqnozlaşdırıla bilən tənzimləmə qaydaları və sərhədlərarası məlumat ötürülməsi üçün razılaşdırılmış mexanizmlər mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, kabelin çəkilməsi layihənin yalnız ilkin mərhələsidir. Növbəti mərhələdə Azərbaycan və Qazaxıstan onun kommersiya baxımından səmərəli istifadəsini təmin etməli, beynəlxalq operatorları və texnologiya şirkətlərini cəlb etməli, texniki standartları, infrastruktura çıxış şərtlərini və təhlükəsizlik tələblərini uzlaşdırmalıdırlar.
“Beynəlxalq biznes üçün bir sıra konkret göstəricilər həlledici olacaq. Bunlara məlumatların ötürülmə qiyməti, kanalın ötürücülük qabiliyyəti, siqnalın gecikmə müddəti, bağlantının etibarlılığı və ehtiyat marşrutların mövcudluğu daxildir. Əgər yeni kanal kommersiya baxımından rəqabətədavamlı olarsa, Asiya ilə Avropa arasında artan məlumat axınının əhəmiyyətli hissəsini cəlb edə bilər. Əks halda, onun ətrafında müvafiq rəqəmsal ekosistem yaradılmasa, xətt mühüm infrastruktur obyekti olsa da, potensialından tam istifadə edilməyən aktivə çevrilə bilər. Buna görə də layihənin uğuru yalnız texniki imkanlarla deyil, həm də onun iqtisadi səmərəliliyi və bazarda rəqabət qabiliyyəti ilə ölçüləcək, – deyə o qeyd edib.
Aliyə Kanatova vurğulayıb ki, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə verilməsi Orta Dəhlizin mahiyyətini də dəyişir. O bildirib ki, indiyədək marşrutun rəqabət qabiliyyəti əsasən yüklərin çatdırılma müddəti, nəqliyyat imkanları və logistika xidmətləri ilə qiymətləndirilirdisə, indi rəqəmsal imkanları ön plana çıxır. Müasir beynəlxalq dəhliz eyni vaxtda malların, enerjinin, maliyyə axınlarının və məlumatların hərəkətini təmin etməlidir. Bu istiqamətlər nə qədər sıx əlaqələndirilərsə, marşrutun iqtisadi və strateji dəyəri bir o qədər artar. Trans-Xəzər xətti Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığı yeni səviyyəyə yüksəldir. Əvvəllər tərəfdaşlığın əsasını daha çox nəqliyyat, ticarət və enerji sahələri təşkil edirdisə, indi bu istiqamətlərə uzunmüddətli texnoloji əməkdaşlıq da əlavə olunur. Bu isə hər iki ölkənin rabitə operatorları, tənzimləyici qurumları, kibertəhlükəsizlik mərkəzləri və texnologiya şirkətləri arasında davamlı koordinasiyanı tələb edir. Layihə digər Mərkəzi Asiya dövlətlərinin bu marşruta daha sıx qoşulması üçün zəmin yaradır.
Əsas məqsəd əlavə iqtisadi dəyər yaratmaqdır
Ekspert hesab edir ki, layihənin uğurunu yalnız Xəzər dənizi vasitəsilə ötürülən məlumatların həcmi ilə ölçmək olmaz. Əsas məsələ Azərbaycan və Qazaxıstanın rəqəmsal tranziti əlavə iqtisadi dəyər mənbəyinə çevirə bilməsidir. Söhbət məlumatların emalı mərkəzlərinin, bulud platformalarının, süni intellekt həllərinin, maliyyə texnologiyalarının və kibertəhlükəsizlik xidmətlərinin yaradılmasından gedir. Zəruri infrastruktur və əlverişli biznes mühiti formalaşarsa, hər iki ölkə yalnız məlumatların ötürülməsindən deyil, onların saxlanılmasından, emalından və qorunmasından da gəlir əldə edə bilər. Bu isə yeni investisiyaların cəlb olunmasına, rəqəmsal xidmətlərin inkişafına və yüksəkixtisaslı mütəxəssislərə tələbatın artmasına şərait yaradar. Uzun müddət Xəzər dənizi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında təbii sərhəd kimi qəbul edilib. İndi isə o, rəqəmsal körpüyə çevrilir. Bununla belə, kabel xətti yalnız yeni imkanlar yaradır. Bu imkanların davamlı strateji üstünlüyə çevrilməsi onun ətrafında yaradılacaq texnoloji və iqtisadi ekosistemdən asılı olacaq.





