Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun anım günüdür

13

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun şəhid olduğu gündür.

Denizxeber.az bildirir ki, Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub.

O, 1990-1993-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

Şükür Həmidov 2016-cı ilin Aprel döyüşləri zamanı Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinin azad olunmasında xüsusi fərqlənib. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən ilk şəxs olub.

Polkovnik Şükür Həmidov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də fəal iştirak edib. O, Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşub.

Milli Qəhrəman 2020-ci il oktyabrın 22-də doğulduğu Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Şükür Həmidov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Zəfər” ordeni və “Vətən uğrunda” medalı, həmçinin “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.