Xəzər–Qara dəniz marşrutu Mərkəzi Asiyanı Avropa ilə bağlayan mühüm nəqliyyat qovşağına çevrilir

14

Xəzər–Qara dəniz marşrutunun inkişafı Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin gücləndirilməsində getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Diplomatik təmasların intensivləşməsi, liman infrastrukturunun inkişafı və yükdaşımaların həcminin artması Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz hövzəsini birləşdirən daha inteqrasiya olunmuş multimodal nəqliyyat şəbəkəsinin formalaşmasına zəmin yaradır.

Denizxeber.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Vüsal Quliyev deyib.

O qeyd edib ki, son dövrdə Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya arasında əməkdaşlığın genişləndirilməsi bu istiqamətdə əsas prioritetlərdən birinə çevrilib. Xəzər-Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun yaradılması və fəaliyyəti ilə bağlı hökumətlərarası saziş layihəsinin müzakirəsi, eləcə də regional əməkdaşlığın gücləndirilməsinə dair təşəbbüslər tərəflərin alternativ ticarət yollarının inkişafında maraqlı olduğunu göstərir. Türkmənistanın Azərbaycan və Gürcüstanla nəqliyyat-logistika sahəsində əlaqələri, xüsusilə Gürcüstanın Qara dəniz sahilində Türkmənistan yük terminalının yaradılması imkanlarının müzakirəsi bu prosesin mühüm istiqamətlərindəndir.

Bu ilin sentyabrında Bakıda, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) liman rəhbərlərinin konfransı çərçivəsində Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının nümayəndələri arasında görüşün keçirilməsinin bu istiqamətdə atılan parktiki addımlara bir nümunə olduğunu xatırladan ekspert qeyd edib ki, müzakirələr limanlararası koordinasiyanın gücləndirilməsi, yükdaşımaların daha səmərəli və proqnozlaşdırılabilən təşkili, eləcə də Xəzər və Qara dəniz hövzələrində dəniz və quru nəqliyyatı şəbəkələrinin daha sıx inteqrasiyası məsələlərini əhatə edib.

Orta Dəhliz üzrə nəqliyyat xidmətlərinə tələbat artıb

“Bundan əlavə, infrastruktur sahəsində həyata keçirilən təşəbbüslər diplomatik səyləri tamamlayır. 2026-cı ilin mayında Türkmənistanın yerli istehsal olan ilk quru yük gəmisinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gəlməsi, iyun ayında isə Azərbaycanda inşa edilmiş “Dostlug” tankerinin Türkmənistana təqdim olunması iki ölkə arasında dəniz nəqliyyatı əməkdaşlığının genişləndiyini nümayiş etdirir. Bununla yanaşı, Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının nümayəndələri arasında müntəzəm həyata keçirilən müzakirələr də Xəzər və Qara dəniz hövzələrində liman əməliyyatlarının əlaqələndirilməsinin əhəmiyyətini ön plana çıxarır. Kommersiya göstəriciləri də marşrutun artan əhəmiyyətini təsdiqləyir. Belə ki, bu ilin sentyabrın 15-də Bolqarıstanda keçirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə işçi qrupunun iclasında ilin ilk səkkiz ayının nəticələri təqdim olunub. Həmin dövrdə marşrut üzrə konteyner daşımalarının həcmi 58 faiz artaraq 44 min 200 TEU-ya çatıb. Çindən göndərilən konteyner qatarlarının sayı isə 84 faiz artaraq 419-a yüksəlib. Bu göstəricilər Orta Dəhliz üzrə nəqliyyat xidmətlərinə tələbatın artdığını nümayiş etdirir”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, marşrutun uzunmüddətli səmərəliliyi yalnız infrastrukturun genişləndirilməsindən asılı olmayacaq. Belə ki, ölkələrarası gəmi hərəkət cədvəllərinin uzlaşdırılması, rəqəmsal yük izləmə sistemlərinin tətbiqi, elektron sənədləşmənin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və dəmir yolu ilə dəniz nəqliyyatı arasında inteqrasiyanın gücləndirilməsi əsas prioritetlər olaraq qalır.

“Bu tədbirlər daşımalar zamanı gecikmələrin azaldılmasına və logistika proseslərinin daha proqnozlaşdırılabilən olmasına imkan verə bilər. Qeyd olunan istiqamətlər üzrə irəliləyiş əldə edilərsə, Xəzər–Qara dəniz marşrutu Orta Dəhlizin mühüm cənub bağlantısına çevrilərək Mərkəzi Asiyanı Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa bazarları ilə əlaqələndirə bilər. Bu, regional iqtisadi əməkdaşlığın dərinləşməsinə, Trans-Avrasiya təchizat zəncirlərinin dayanıqlılığının artırılmasına və beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsinə töhfə verə bilər”,- deyə V.Quliyev əlavə edib.