Almaniyanın şimalındakı Bremerhaven limanında “Mein Schiff 3” kruiz gəmisi konteyner gəmisi ilə toqquşub.
Denizxeber.az “İki sahil”-ə istinadən xəbər verir ki, nəticədə konteyner gəmisinin gövdəsində təxminən 10 metr uzunluğunda çat əmələ gəlib.
Toqquşmadan sonra kruiz gəmisi dəymiş ziyanı qiymətləndirmək üçün körpüyə qayıdıb. Xəsarət alan olmayıb.
Hadisənin fırtınalı hava və güclü külək səbəbindən baş verdiyi bildirilir. Sərnişin laynerinin 20 günlük Kanar adalarına kruiz səfərinə çıxması və 14 noyabrda Almaniya limanına qayıtması planlaşdırılırdı.
İlkin məlumata görə, gəmidə 2428 sərnişin və 922 heyət üzvü olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.




