Bakı Beynəlxalq Dəniz Ticarət Limanında blokçeyn texnologiyasının tətbiqi ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Bunu “Report”a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
“Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında hazırda “Port Community” sistemini tətbiq etməyə başlamışıq”,- deyə T.Ziyadov bildirib.
O vurğulayıb ki, hazırda “Digital Corridor” sisteminin reallaşdırılması istiqamətində də iş aparılır: “Belə ki, məqsədimiz “Digital Corridor” vasitəsi ilə digər limanların İT texnologiyalarına inteqrasiyasını təmin etməklə vahid bir təchizat zəncirini yaratmaqdır. Vahid təchizat zənciri elektronlaşmalıdır, növbəti mərhələdə isə blokçeyn texnologiyasının tətbiqi nəzərdə tutulur. Fəaliyyətimiz hazırda bu istiqamətdədir”.
Xatırladaq ki, Prezident İlham Əliyevin 18 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Əsas Yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılması, dənizkənarı milli parkın ərazisinin genişləndirilməsi, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələtdəki yeni Bakı Limanına köçürülməsinə qərar verilib. Bu ilin mayın 2-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük terminalı fəaliyyətini dayandırıb və bütün liman əməliyyatları Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında aparılır.
Yeni liman 10 000 tonluq tutuma malik 150-160 metrlik bərə və Xəzər dənizində xidmət göstərən digər növ gəmilərə xidmət göstərmək imkanına malikdir. Ələtdə liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, dəmiryolu xətləri, müxtəlif inzibati binalar, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampası, sərnişin xidmət binası, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edir.
Birinci fazanın tamamlanması ilə Yeni Ələt limanın ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olacaq. İkinci mərhələ: 20 milyon ton yük və 250 000 TEU konteyner; üçüncü mərhələdə isə: 25 milyon ton yük və 1 milyon TEU-ya qədər konteyner. Hal-hazırda, limanda yüklərin 80%-i aşırılan yüklər, 20% isə keçirilən yüklərdir (məs. yanacaq, tikinti materialları, təsərrüfat məhsulları və s.).
QSC-də hesab edirlər ki, Bakı limanı, xüsusilə, Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyə bazarları üçün regionda geniş spektrli əlavə dəyər xidmətləri təmin etməklə konsolidasiya, konsentrasiya və paylama xidmətləri üzrə əsas mərkəzə çevriləcək.