Dəniz Tısbağalarının Tədqiqatı, Xilasetmə və Reabilitasiya Mərkəzinin (DEKAMER) komandası tərəfindən oktyabrın 29-da üzərinə peyk izləmə cihazı taxılaraq dənizə buraxılan “COP31” adlı caretta-caretta indiyədək 175 kilometr məsafə qət edib.
Denizxeber.az bildirir ki, DEKAMER tərəfindən peyk cihazı vasitəsilə izlənilən “COP31” adlı dəniz tısbağası İztuzu çimərliyindən Fəthiyə sahillərinə çatıb. Mütəxəssislər iqlim dəyişikliyinin bu növə təsirlərini qiymətləndiriblər.
Muğlada müalicəsi başa çatdıqdan sonra təbii mühitinə buraxılan “COP31” adlı caretta-caretta 175 kilometr məsafə qət edib. DEKAMER tərəfindən oktyabrın 29-da İztuzu çimərliyindən dənizə buraxılan tısbağanın peyk məlumatlarına əsasən Fəthiyə sahillərində olduğu və Antalya istiqamətində hərəkət etdiyi bildirilib.
TISBAĞANIN HƏRƏKƏTLƏRİ PEYK VASİTƏSİLƏ İZLƏNİLİR
Anadolu Agentliyinə danışan DEKAMER-in direktoru və Pamukkale Universitetinin professoru Yakup Kaska bildirib ki, onlar dəniz tısbağalarının qorunması istiqamətində təxminən 40 ildir fəaliyyət göstərirlər.
Kaska bildirib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına (COP31) diqqət çəkmək məqsədilə tısbağaya “COP31” adı verilib. O, konfrans başa çatmamış heyvanın Antalya ətrafına çatmasını gözlədiklərini qeyd edib. Caretta-carettanın COP31-in maskotu seçilməsinin də növün tanıdılması və qorunması baxımından mühüm imkan yaratdığını vurğulayıb.
QLOBAL İSTİLƏŞMƏ DƏNİZ TISBAĞALARINA TƏSİR EDİR
Prof. Dr. Yakup Kaska bildirib ki, dəniz tısbağalarında cinsiyyət inkubasiya temperaturundan asılı olaraq müəyyənləşir və temperaturun yüksəlməsi dişi fərdlərin nisbətinin artmasına səbəb olur.
Kaska cins bölgüsündə dişilərin payının 70-80 faiz təşkil etdiyini bildirərək, temperaturun yüksəlməkdə davam edəcəyi təqdirdə erkək fərdlərin sayında ciddi azalma baş verə biləcəyinə diqqət çəkib.
Dəniz səviyyəsinin yüksəlməsi nəticəsində yumurtlama çimərliklərinin su altında qalması riski də növlərin üzləşdiyi problemlər sırasındadır.
BEYNƏLXALQ QORUMA İŞLƏRİ MÜHÜM ƏHƏMİYYƏT DAŞIYIR
Kaska dəniz tısbağalarının müxtəlif ölkələrin ərazi sularında hərəkət etdiyini bildirərək, buna görə də onların qorunması üzrə fəaliyyətlərin beynəlxalq səviyyədə davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, daha əvvəl peyk cihazı ilə izlənilən “Tuba” adlı tısbağanın təxminən 20 min kilometr məsafə qət edərək Aralıq dənizində 20-yə yaxın ölkəyə səfər etdiyini xatırladaraq, yalnız bir ölkənin həyata keçirdiyi tədbirlərin kifayət etməyəcəyini bildirib.
DEKAMER komandası COP31 çərçivəsində iştirak etdiyi paneldə dəniz tısbağalarının üzləşdiyi problemlər və Türkiyədə həyata keçirilən qoruma tədbirləri barədə məlumat verib.





