Dənizçilər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

461

Dekabrın 10-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti Ümummilli liderin anım günü ərəfəsində Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarətə gələn dənizçilərə Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib. Bildirilib ki, mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu,  Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var.

Mərkəzdə yaradılmış və məzmun orijinallığı ilə  seçilən Heydər Əliyev Muzeyi ilə tanışlıq da dənizçilərdə  böyük maraq doğurub. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilən muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada təqdim edilib. Üç mərtəbədən ibarət muzeydə Ümummilli lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunub. Burada dənizçilər Ulu öndərin istifadə etdiyi xidməti avtomobillərlə də tanış olublar.

Ulu öndərin həyat və fəaliyyəti ilə yanaşı, ziyarətçilərə müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında və digər  sahələrdə baş verən önəmli hadisələr barədə də məlumat verilib. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilib. Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda Ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli liderə təqdim olunan hədiyyələrin   fotoları əks olunur. Bundan əlavə, zalda Ulu öndərin hərbi və mülki geyimləri, o cümlədən  onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Müasir Bakının simvolu olan Heydər Əliyev Mərkəzinə ziyarət tədbir iştirakçılarının hər birində  xoş təəssürat yaradıb.