Ələt limanında bərələr operativ təmir olunacaq

1310

“Bibiheybət” Gəmi Təmiri Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus üzən emalatxananın təmirinə başlanılıb.

Təmir  başa çatdıqdan sonra  üzən emalatxananın  yedək gəmisi ilə Ələtə – yeni Bakı Beynəlxalq Dəniz Ticarət  Limanına aparılması gözlənilir.

“Transxəzər” Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin vaxtında  daşınması üçün fəaliyyətdə olan  bərələrin    Ələt limanında  operativ  təmirinə zərurət yaranmışdı. Bakı-Tbilisi-Qars dəmir yolu xətti  istismara veriləndən  sonra “Şərq-Qərb” nəqliyyat dəhlizi  üzrə daşınan yüklərin həcmində də  artım proqnozlaşdırıldığından Gəmiçiliyin rəhbərliyi  üzən emalatxananın təmirinə qərar verdi.

Üzən emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət göstərməyə imkan verəcək. Bununla da gəmilərin səfərlərarası cari təmirində  vaxt itkisi aradan qaldırılacaq. Əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi  təmiri zavodlarında həyata keçirilən cari təmir işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ticarət  Limanında gerçəkləşdiriləcək.

Müasir standartlara cavab verəcək üzən emalatxanada  gəmilərin  təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək. Burada  işçi heyətin yaşayışı üçün də zəruri hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət otağı ilə yanaşı, üzən qurğuda  “AXDG” QSC-nin internet və lazımı avadanlıqlarla təchiz edilən  stasionar ofisi də  fəaliyyət göstərəcək. Bu da Gəmiçilik əməkdaşlarının Bakı Beynəlxalq Dəniz Ticarət  Limanında distant fəaliyyət göstərməsinə və işin səmərəliyini daha da artırmağa imkan verəcək.

Gəmiçiliyin rəhbəri Rauf Vəliyev  24 saat  növbəlilik qrafiki ilə icra edilən təmir prosesi ilə yaxından tanış olub.  Bildirilib ki,  təmir işləri plana uyğun aparılır. Təmirin yanvarın sonunda başa çatdırılacağı nəzərdə tutulub. Təmirlə bağlı tapşırıqlarını verən sədr daha sonra üzən qurğunun aparılacağı Bakı Beynəlxalq Dəniz Ticarət  Limanında olub.

Hazırda emalatxanın yerləşəcəyi ərazidə Gəmiçiliyin sifarişi ilə  “Caspian Marine Services” şirkəti dibdərinləşdirmə işləri görür. İşin gedişatı ilə maraqlanan “AXDG” QSC-nin sədri Rauf  Vəliyev limanın nümayəndələri   ilə də görüşüb. Söhbət zamanı gələcəkdə  həyata keçiriləcək müştərək layihələr haqqında da fikir mübadiləsi aparılıb.