SOCAR qəzada həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə maddi yardım göstərib

839

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il dekabrın 15-də N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində dünyasını dəyişmiş və itkin düşmüş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məlumat yayıb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə 10 neftçi ailəsinə maddi yardım göstərilib.

Məlumatda deyilir ki, qəza nəticəsində itkin düşənlərin ailələrinə iki dəfə olmaqla 9 ailəyə hər dəfə min manat olmaqla ümumilikdə 2 000 manat maddi yardım göstərilib. Vəfat etmiş İlham Qafarovun ailəsinə isə 3 000 manat maddi yardım verilib: “SOCAR-ın 28.12.2016-cı il tarixli sərəncamına əsasən, hər bir ailəyə 5 000 manat maddi yardım göstərilib. Bundan əlavə, ANQSİHİRK tərəfindən hər bir ailəyə 1000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib. Eyni zamanda, Hacəliyev Həsənağa Hüseynağa oğlunun 2013-cü ildə Sahil qəsəbəsində “Neftçi” MTK-dan götürülmüş mənzilə olan 31 840 AZN məbləğində (15.12.2016-cı il tarixə) borcun “Xalq Bank” ASC-yə ödənilməsi nəzərdə tutulur.

Bundan başqa, vəfat edənlərdən Abasov Ramiz Qulu oğlunun 2 övladı, Əsədov Samir Atabala oğlunun 3 övladı, Zülfüqarov Güloğlan Hacıbala oğlunun 3 övladı, Zülfüqarov Azay Hacıbala oğlunun 2 övladı, ümumilikdə 10 nəfər uşağın N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülməsi nəzərdə tutulur, yəni onlara hər ay minimum əmək haqqının 2,5 misli – hazırda 262,5 manat veriləcək. İtkin düşənlərdən bəzilərin ailə üzvləri SOCAR tərəfindən işlə təmin edilib”.

“Keçən il də təbii fəlakət qurbanlarına həmçinin əlavə yardım kimi 15 000 manat Nazirlər Kabinetinin qərarı ilə verilib, habelə 26 nəfər üzrə sığorta ödənişləri orta hesabla 52 000 manat civarında olub. Dekabrın 15-də baş vermiş fəlakətdə itkin düşənlərin ailələrinə də təqribən bu həcmdə əlavə müavinətlərin verilməsi gözlənilir” – məlumatda qeyd olunub.