Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örkan Özaralla görüş keçirilib.

745

Azərbaycanla – Türkiyə arasında əlaqələrin, dostluq münasibətlərinin tarixi köklərə dayandığını deyən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyevin qayğısı nəticəsində dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunan nəaliyyətlər, respublikamızın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhvə barədə ətraflı məlumat verildi.Görüşdə, ölkəmizin Birləşmiş Millətlər Təşkilatının nüfuzlu təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan Assambleyasında və adıçəkilən Təşkilatın Alt Komitələrinin sessiyalarında, Şurasına keçirilən seçkilərdə Türkiyə Respublikasına daima yaxından dəstək olduğu qeyd edildi.
Eyni zamanda “Türk Loydu” təsnifat cəmiyyətinin ölkəmizdə fəaliyyətinin genişləndirməsi üçün münbit şəraitin olduğu, Respublikamızda ticarət gəmiçiliyi sahəsinin getdikcə inkişaf etdiyi, bu şəraitdən istifadə edərək gəmilərə texniki nəzarət sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edildi. Azərbaycan dənizçilərinin təcrübəsi və fəliyyətindən söz açıldı, istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərdə təcrübəli azərbaycanlı dənizçilərin olduğu qeyd diqqətə çatdırıldı.
Vaxtilə Azərbaycanda çalışdığını qeyd edən Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örkan Özaral, bu dəfəki dönüşündə ölkədə qısa müddətdə inanılmaz inkişafla rastlaşdığını dedi. Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdıran səfir bildirdi ki, ölkədə gedən sürətli inkişaf prosesi bütün sahələrdə olduğu kimi Dövlət Dəniz Administrasiyasının da fəaliyyətində nəzərəçarpacaq şəkildə hiss olunur.
Səfir, həmçinin Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələrinin Azərbaycandan kənarda da hiss edildiyini, bu səbəbdən Respublikamızın dəniz nəqliyyatı sahəsinin təsnifat cəmiyyətləri üçün cəlbedici xarakter daşıdığını, Türkiyə Loydunun da bu təsnifat cəmiyyətləri cərgəsində ön sıralarda olduğunu və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən bir neçə gəmiyə “Türk Loydu” təsnifat cəmiyyəti tərəfindən texniki nəzarətin həyata keçirildiyini vurğulayaraq, Dövlət Dəniz Administrasiyası tərəfindən Türkiyə Loyduna göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Görüşdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 10-a yaxın gəminin Qara dənizdə həyata keçirilən yük daşımalarına yaxından cəlb edilməsi və Türkiyə Respublikasına məxsus tərsanələrdə bir neçə gəmimizin inşa edildiyi, habelə bu sahədə gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.