Pirşağı sahilində suiti cəsədləri aşkarlanıb – VİDEO

11

Pirşağıda, Xəzər dənizinin sahilində bir neçə nöqtədə suiti cəsədləri aşkarlanıb. Ərazidə yaşayan sakinlər sahilə yayılan kəskin və xoşagəlməz qoxudan narahat olduqlarını bildiriblər.

Xəzər suitisi yalnız bu dənizdə yaşayan nadir məməli növüdür və dünyanın ən kiçik suitisi hesab olunur. Son illərdə bu növün sayının azalması və Xəzərin müxtəlif sahillərində kütləvi ölüm hallarının qeydə alınması narahatlıq doğurur.

Denizxeber.az bildirir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

İqlim dəyişikliyi, yaşayış mühitinin pisləşməsi və balıq torlarına düşmə suitilərin ölümünə səbəb ola biləcək amillər sırasındadır. Bununla belə, Pirşağı sahilində aşkarlanan suitilərin ölüm səbəbləri yalnız müvafiq araşdırmalar nəticəsində müəyyən edilə bilər.

Cəsədlərin sahildə uzun müddət qalması xoşagəlməz qoxunun yayılmasına və mümkün sanitar risklərin yaranmasına səbəb ola bilər.

Bu səbəbdən suitilərin mütəxəssislər tərəfindən araşdırılması, ölüm səbəblərinin müəyyənləşdirilməsi və cəsədlərin təhlükəsiz şəkildə ərazidən götürülməsi vacibdir.