Qazaxıstanda Respublika Günü qeyd olunur

11

Bu gün Qazaxıstanda Respublika Günü qeyd olunur. Ölkənin hər yerində təntənəli mərasimlər və bayram tədbirləri keçirilir.

Denizxeber.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kasım-Jomart Tokayev Astanada prezident iqamətgahının qarşısındakı meydanda dövlət bayrağının qaldırılması mərasimində iştirak edib.

Milli bayram münasibətilə ünvanladığı təbrikdə o bildirib ki, Qazaxıstan müstəqilliyinin 35-ci ildönümü ərəfəsində güclü iqtisadiyyata və inkişaf etmiş cəmiyyətə malik yetkin dövlət kimi formalaşıb.

Dövlət başçısı vurğulayıb ki, cari il ölkə tarixində yeni mərhələnin başlanğıcıdır. O, konstitusiya islahatlarının, qabaqcıl texnologiyaların və süni intellektin tətbiqinin, eləcə də infrastrukturun müasirləşdirilməsinin əhəmiyyətinə toxunub.

“Əminəm ki, birgə səylərimizlə suverenliyimizi daha da möhkəmləndirəcək, ədalətli, təhlükəsiz, inkişaf etmiş və təmiz Qazaxıstan quracağıq”, – deyə Prezident bildirib.

Bayram proqramı Qazaxıstanın müxtəlif bölgələrini əhatə edir. Proqrama konsertlər, sərgilər, teatr tamaşaları, idman yarışları və vətənpərvərlik aksiyaları daxildir.

Astana şəhər administrasiyasının məlumatına görə, Respublika Günü münasibətilə paytaxtda 120-dən çox mədəniyyət, təhsil, idman, ekologiya və sosial sahələri əhatə edən tədbir təşkil olunub.

Bu il Qazaxıstanın dövlət suverenliyi haqqında Bəyannamənin qəbul edilməsindən 36 il ötür. Sənəd 1990-cı il oktyabrın 25-də Qazaxıstan SSR Ali Soveti tərəfindən qəbul edilib və 1991-ci il dekabrın 16-da müstəqilliyin elan olunmasına aparan yolda mühüm addım olub.

2022-ci ildə Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Respublika Gününə milli bayram statusu qaytarılıb.