“Citigroup”: Neft qiymətləri 2022-ci ilə qədər sabit qalacaq

931

Dünya bazarında 2022-ci ilə qədər neft qiymətləri 40-65 dollar/barel diapazonunda hərəkət edəcək. “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu proqnoz ABŞ-ın məşhur “Citigroup” maliyyə holdinqinin analitikləri tərəfindən irəli sürülüb.

Ekspertlər bu proqnozu OPEC-in hasilatı azaltması səbəbindən neft qiymətlərinə dəstək olması və 40 dollar/bareldən aşağı düşməməsi, ABŞ şist neft istehsalçılarının 65 dollar/barel səviyyəsində hasilatı maksimal həddə çatdırması ilə izah edirlər. Analitiklərin fikrincə, ABŞ şist neft hasilatçıları hətta 50 dollar/barel qiymət səviyyəsində effektiv nəticə göstərə bilirlər.

Qeyd edək ki, dünən, fevralın 3-də ABŞ “Baker Hughes” şirkəti tərəfindən açıqlanan hesabata görə, ölkədə aktiv neft quyularının sayı 17 ədəd və ya 3% artaraq 583 ədəd təşkil edib. Bu da yaxın gələcəkdə neft hasilatının daha da artacağını göstərir. Xatırladaq ki, 2016-cı ilin yayında ABŞ-da gündəlik neft hasilatı 8,6 mln. barel idisə, hazırda bu göstərici 8,9 mln. barel/gün təşkil edir.