Gəmiçilik dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan ABS ilə əməkdaşlığı davam etdirəcək

1217

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Xəbərlər xidmətinin məlumatı.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  beynəlxalq miqyasda tanınmış şirkətlərlə əməkdaşlığı inkişaf etməkdədir. Bu sırada dünyanın ən nüfuzlu təsnifat cəmiyyətlərindən sayılan Amerika Gəmiçilik Bürosu (ABS) ilə iş birliyini xüsusi qeyd etmək olar.

Martın 16-da ABS-in Türkiyə və Azərbaycan üzrə nümayəndələri   “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevlə görüşüb.

Görüşdə Gəmiçiliklə birgə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb. Gəmiçiliyin Təlim-Tədris Mərkəzinin yüksək standartlara cavab verdiyini xüsusi vurğulayan qonaqlar burada quraşdırılan müasir simulyatorların dənizçilərin peşəkarlıqlarının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə ediblər.

Rauf Vəliyev Gəmiçiliyin fəaliyyət istiqamətləri, görülən işlər və qarşıda duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, istər donanmaların, istərsə də sahil təşkilatlarının işinin beynəlxalq standartlar səviyyəsində qurulması, mütəxəssislərin peşə hazırlığının artırılmasında xarici şirkətlərlə sıx əməkdaşlıq Gəmiçiliyin başlıca önəm verdiyi məsələlərdir.

ABS tərəfindən beynəlxalq standartlara uyğun sertifikatlar alan Gəmiçilik  nüfuzlu təsnifat şirkəti ilə  əməkdaşlığı bundan sonra da davam etdirəcək.