Bakı Dərin Özüllər Zavodunda gələcək planlar müzakirə olunub

1106

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda qarşıda duran vəzifələrin icrasına həsr olunmuş istehsalat müşavirəsi keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, zavoda yeni təyin olunmuş direktor Roman Nağıyev kollektiv qarşısında çıxış edib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan zavod öz fəaliyyəti və potensial imkanları ilə dünyada tanınır. “Əsrin müqaviləsi”nin, “Şahdəniz” layihəsinin və digər bir sıra regional layihələrin həyata keçirilməsində BDÖZ-ün xüsusi rolu var. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra olunan enerji strategiyasının həyata keçirilməsində geniş istehsal potensialı ilə müvafiq töhfələr verən zavodun istehsalat sahələrində son illərdə bir sıra modernizasiya və yenidənqurma işləri aparılıb.

Müşavirədə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş fikir mübadiləsi aparılıb, təklif və tövsiyyələr dinlənilib, “Ümumdünya Əməyin Mühafizəsi günü” ilə bağlı əməkdaşlar arasında, xidmət sahələrində maarifləndirmə tədbirlərinin aparılması, aprel ayı ərzində keçirilən yaz iməciliklərində işçilərin fəal iştirakı, xidmət sahələrində əməyin təhlükəsizliyi sahəsində işlərin diqqətdə saxlanılması və digər məsələlər barədə müvafiq tapşırıqlar verilib.