Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən elmi konfrans öz işinə başlayıb

1469

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti,Mətbuat xidmətinin məlumatı.

 

Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Dəniz nəqliyyatının inkişafı” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransı öz işinə başlayıb. Daha savadlı, yüksəkixtisaslı və dünyagörüşlü gənc nəslin yetişdirilməsinə xidmət edən belə konfranslar tələbələri elmi yaradıcılığa həvəsləndirmək, öz fikirlərini sərbəst və aydın ifadə etmək təcrübəsinə yiyələnmək baxımından da faydalıdır.

ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov giriş sözündə Ulu öndərin dəniz nəqliyyatı sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açdı və Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi və SSRİ-nin ali rəhbərliyində çalışdığı illəri gəmiçiliyin sürətli inkişafı dövrü kimi səciyyələndirdi.

ADDA-nın tədris işləri üzrə prorektoru, professor Faiq Nağıyev məruzəsində belə elmi tədbirlərin əhəmiyyətini, elm və təhsilin gənclər üçün gələcəyə açılan qapı olduğunu vurğuladı.

Akademiya rektorunun müşaviri, dosent Vüqar Sadıqov dahi şəxsiyyətin gəmiçiliyə verdiyi böyük töhfələrdən bəhs etdi. O, Ulu öndərin dəniz nəqliyyatı ilə bağlı siyasətinin prezident İlham Əliyev tərəfindən bu gun uğurla davam etdirildiyini faktlarla əsaslandırdı.

Akademiyanın əlaçı tələbələrindən olan Mahmud Süleymanlı “Azərbaycan gəncliyinin Heydər Əliyev dövrü” adlı məruzəsində Ümumilli liderin gənc nəslə qayğısından söhbət açdı.

Daha sonra elmi konfrans işini bölmələr üzrə davam etdirdi. 6 bölmədə 100-ə yaxın məruzə dinlənildi. Konfrans işini aprelin 21-də yekunlaşdıracaq. Hər bölmədə ilk 3 yeri tutan qaliblər müvafiq diplomlarla təltif olunacaqlar. Birinci yerin qalibləri isə, diplomlarla yanaşı, müvafiq fənlərdən imtahan qabağı 50 bal ilə mükafatlandırılacaqlar.