“Azneft”: Hava şəraiti ilə əlaqədar 204 nəfər işçi təxliyə olunub

866

Aprelin 24-25-də açıq dənizdə küləyin sürəti arabir 34 metr/saniyə (dalğanın hündürlüyü 3-5 metr, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib.

“Report” xəbər verir ki, bu barədə “Azneft” İB  məlumat yayıb.

Qeyd olunub ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və şifahi formada tapşırılıb. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.

“Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib. Belə ki, müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub. Hava şəraitindən asılı olaraq estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər vaxt yaşayış məntəqəsinə təxliyə olunacaq. Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”, – deyə məlumatda qeyd olunub.