“Tısbağa supu çox dadlı idi”

1238

 “Dünyaya gözümü açandan atamın adlı-sadlı uzaq səfərlər kapitanı olduğunu görmüşəm. O, bütün həyatını uzun müddət dənizə qurban verib və qərara aldım ki, mən də kapitan olum.  Ailəmizdə 3 qardaşımdan 1-i mexanikdir, digərləri elektromexanikdir.  Əvvəl dənizçilik üzrə peşə məktəbində təhsil aldım, sonra kapitanın 3-cü köməkçisi, 2-ci  köməkçisi , baş köməkçi və kapitan oldum . Sovetlər Birliyinin dövründə kapitanları Moskvada imtahan edirdilər, tələblərə görə sən 10% İngilis dilini bilməli, Kommunist partiyasını üzvü olmalı və ali savada sahib olmalı idin”.

 

Talktime.az-ın müsahibi  Azərbaycanda “dənizçilər” sülaləsinin sonuncu nümayəndəsi, kapitan Nadir Dadaşovdur.

“Dənizlə “Siz” deyərək danışmaq lazımdır”.

Dənizdən qorxmamaq, sevmək lazımdır. Əsas olan budur. Dənizə “Siz” deyərək müraciət etmək vacibdir, başqa cür anlamıram. Çox fırtınalara düşmüşəm, amma Allah məni həmişə qoruyub. Dənizdən qorxmadınsa, işin çox gözəl formada gedəcək.  Ən əsası mənim beynimdə dənizlə bağlı pis heç nə yoxdur. Kompyuterdə olduğu kimi bütün pis xatirələri silirəm gedir. Niyə yaxşı şeylər yadda qalmasın ki? Tez-tez tələbələrim məndən soruşur: “Müəllim, biz də kapitan olmaq istəyirik. Kapitan olmaq üçün nə lazımdır?” Deyirəm: “Kapitan doğulmaq ” Kapitan elə bir şeydir ki, ən çətin vaxtda belə özünü itirməyib gəmini və ekipajını xilas etməyi bacarmalısan.

“Fırtına zamanı yalnız gəmini və ekipajımı qorumaq barədə düşünürdüm”

Başqa beynimdə heç nə olmurdu. Fırtına 1 və ya 2 deyil, dəfələrlə olub. Əsas gəmini və ekipajı qorumaqdır. Mənim ekipaj üzvlərim professional şəxslər olub, bir bayraq altında hollandlarla, ingilislərlə, türklərlə işləmişik. Demək olar ki, aramızda heç bir problem yaşanmayıb.

“Ərəbistanda gəmi qəzaya uğradı”

nadir-2

1980-cı ildə Qırmızı dənizdə 3-cü kapitan köməkçisi olduğum zaman ərəbləri xilas etmişik, bu xilasetmədə əsas iştirakçı mən idim. 5 nəfər idilər. 1992-ci ildə kapitan olan zaman bolqarlarla işləyirdik, qəza zamanı 2  bolqarı da  xilas etmişəm. Yaxşı da olub, pis də. Bir dəfə  Ərəbistan limanında  gəmimiz qəzaya uğradı, amma sonra haqq qazandırıldım ki, səhv məndə olmayıb. Buna baxmayaraq, ürəyimdə bu ləkə kimi qaldı. Yaxşı xatirələrdən, Aralıq dənizində tısbağa supu yemişik, çox dadlı idi. Həmişə belə olmur ki…

“Uzaq səfərlərdə olmağım ailəmdə problem yaratmırdı”

İş ilə əlaqədar uzaq səfərlərdə olmağım ailəmdə heç bir problem yaratmırdı. Yoldaşım gəmi limanda dayanan zaman dostları ilə gəlirdi, görüşürdük. Ailəmi gəzdirirdim, onlar yanıma Volqa çayı vasitəsi ilə gəlirdilər, səyahət edirdik, lakin gəlməklərinə çox icazə vermirdim, özüm istəmirdim.

“Oğlumun dənizçi olmasına icazə vermədim”

Ürəyimə danmışdı ki, sülaləni artıq dayandırmaq lazımdır, yeni işlə təzələməyə ehtiyac var və oğluma dənizçi olmasına icazə vermədim , o  da “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil aldı, indi də özü üçün çalışır . Dəqiq bilmirəm, bəlkə nəvələrim sənətimi  davam etdirəcək? Sovetlər Birliyi dağıldı, ondan sonra bizi psixoloji tərəfdən dəyişmək qeyri-mümkünə çevrilmişdi, lakin yavaş-yavaş dəyişdim, həyata alışdım və həyatımı başqa dənizçiliklə bağlı görmək istəmədim. İndi də işim dənizçiliklə bağlıdır, yaş öz vaxtına yetişəndə məni liman kapitanı vəzifəsinə təyin etdilər;  Ələt, Sanqaçal, Qaradağ və Sahil limanları. Hal-hazırda bu vəzifədə fəaliyyət göstərirəm, nə vaxt deyərlər get, baş üstə, o zaman da gedərəm…

“İnsanlar günü-gündən dəyişir..”

nadir-3

Dənizçilik akademiyasında dərs keçirəm, görürəm ki, uşaqların dənizçiliyə sevgisi yoxdur. Biri kommersiya tərəfdən düşünür, biri başqa tərəfdən, amma biz işləmək barədə düşünürdük.  Texnika dəyişməyib, gəmi elə gəmidir, insanlarda dəyişiklik var, başqa bir dəyişiklik görmürəm…

“Yorulmuşam…”

Hərdən uşaqlıq dostlarım mənə sataşırlar ki, evdə yatanda da bir əlin vannadadır, susuz qala bilmirsən. “Dənizdə yaşayan insan”. Birinci il çox çətin idi, dəniz yuxuma gəlirdi. İndi hər şeylə barışmışam. Buna baxmayaraq, dənizə canla başla qayıtmaq istəyirəm. Yaş o yaş deyil, özümü o yaşdakı kimi hiss etmirəm. Tez-tez soruşurlar, Nadir, anadan yenidən doğulsan nə olmaq istəyərsən? Bir cavabım olur..

Dənizçi…