Xəzər dənizində üzən gəmilər təhlükəsiz sığınacaqlara çəkilir

731

Xəzər dənizində üzən gəmilər təhlükəsiz sığınacaqlara çəkilir.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətubat katibi Mehman Mehdiyev AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.

O bildirib ki, yanvarın 9–u günün ikinci yarısından yanvarın 10–u gündüzədək Xəzər dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib.

M.Mehdiyev qeyd edib ki, küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb. Bundan başqa, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır