Cari ildə Transxəzər Nəqliyyat Marşrutu üzrə daşınma həcmləri müzakirə edilib

360

Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” (BTNM) Beynəlxalq Assosiasiyası (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) ümumi yığıncağı keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, yığıncaqda “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Sauat Mınbayevin birliyin idarə heyətinin sədri vəzifəsinə təsdiq edilməsi, “Batumi dəniz limanı” MMC-nin birliyin daimi üzvlüyündən assosiativ üzvlüyünə keçirilməsi, 2018-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat, 2019-cu il üçün marşrut üzrə təsdiq edilmiş tarif dərəcələrinə dair BTNM-in inkişafı üzrə işçi qrupunun məlumatı, birliyin ötən ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün audit şirkətinin seçilməsi və təsdiq olunması nəzərdən keçirilib. Həmçinin 2019-cu il üçün marşrut üzrə daşınma həcmlərinin, 2019-cu il üçün birliyin büdcəsinin, cari il üçün marketinq üzrə tədbirlər planının təsdiq edilməsi, işçilərin ezamiyyəti haqqında Əsasnamənin və birliyin nümayəndəlik xərcləri haqqında əsasnamənin təsdiq edilməsinə dair məsələlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sədrliyi ilə keçən müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadə, dəhlizin potensialından istifadə olunması, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, bu marşrut üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur. Bu dəhlizin daha da inkişaf etdirilməsi üçün iştirakçı ölkələr tərəfindən ardıcıl tədbirlər görülür. Marşrutun rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır.

Yığıncaqda qeyd olunub ki, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti idarə heyətinin sədri Kanat Alpısbayevin başqa işə keçməsi ilə əlaqədar “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi idarə heyətinin sədri vəzifəsindəki səlahiyyətlərinə də xitam verilib. Yığıncaqda “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti idarə heyətinin sədri S.Mınbayev “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi idarə heyətinin sədri vəzifəsinə təsdiq edilib.

İki gün davam edən yığıncaqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti idarə heyətinin sədr müavini Sanjar Yelyubayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, Ukrayna Dəmir Yolları idarə heyətinin üzvü Remiqiuş Paşkeviç, Türkiyənin Dövlət Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” SC-nin sədri Abay Turikpenbayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun iştirakı ilə müvafiq protokol imzalanıb.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır