ASCO: “Gəmilər Xəzərdə növbətçiliklərini davam etdirir”

802

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.

“Report” xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, ASCO Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.

Tapşırığa əsasən, baş verə biləcək fövqəladə hadisələrə qarşı dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə ASCO-ya məxsus gəmilər növbətçi təyin olunub. Belə ki, “Vixr-3”, “Qubadlı”, “Nefteqaz-58”, “Lütoqa”, “Andoqa” gəmiləri “Neft Daşları”, “Günəşli”, “Çilov”, “Aura” və “Yarenqa” gəmiləri “Abşeron”, “İrgiz” və “Kapitan Ağasıyev” gəmiləri “Bakı-Bahar”, “Vixr-9”, “Vixr-5”, “Zirə”, “Mərdəkan” və “Sumqayıt” gəmiləri isə “Qaradağ-MPS-Ümid” rayonlarında təhlükəsizliyin təmini istiqamətində xidmət həyata keçirib.

Bununla bərabər, “Salyut” və “Hövsan-5” gəmiləri ASCO-nun sahil obyektləri ərazisində növbətçiliyə cəlb olunub.

Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb.

Onu da qeyd edək ki, ASCO-da hava şəraitinin kəskin dəyişməsi ilə bağlı həyata keçirilən bütün tədbirlər əlaqələndirilib və mərkəzləşdirilmiş nəzarət gücləndirilib.