Dəniz Nəqliyyatı Donanmasının əməkdaşlarına yubiley medalları təqdim edilib

722

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilən Gəmiçiliyin Dəniz Nəqliyyatı Donanmasının (DND) işçilərinə və donanmanın veteran əməkdaşlarına medalların təqdimetmə mərasimi keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkədə dəniz nəqliyyatı sahəsinə göstərilən qayğıdan danışılıb. Qeyd olunub ki, donanmaların mütəmadi yenilənməsi, xarici sularda yeni gəmilərin istismara verilməsi, dənizçilərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin Gəmiçiliyə və dənizçilərə diqqətinin bariz nümunəsidir.

Çıxışlardan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülən dənizçilərə medallar təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını, ölkənin tərəqqisi, dəniz nəqliyyatının inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Tədbirdə yubiley medalı ilə yanaşı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə dəniz nəqliyyatı sahəsində çalışan mütəxəssislərə “Donanmanın Fəxri işçisi” adı və döş nişanları da təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır