Qrenlandiyada buz təbəqəsinin sürətlə əriməsi təbii fəlakətlərə səbəb olacaq

560

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) peyki 15 il əvvəl Qrenlandiyada buz təbəqəsinin sürətlə əridiyini aşkar edib. “The Grace” kosmik peyklərinin 2003-2013-cü illərdə Yerə göndərdiyi fotoşəkillərdə bu adada buz dağlarının məhv olduğu aydın görünür. ABŞ Milli Elmlər Akademiyasının alimləri bildiriblər ki, bu proses son 18 ay ərzində daha geniş vüsət alıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, alimlər Qrenlandiyada buzların sürətlə əriməsinin yaxın gələcəkdə dənizlərin səviyyəsinin qalxacağı və böyük təbii fəlakətlərə səbəb olacağı ilə bağlı xəbərdarlıq edirlər. Onlar adanın cənub-şərq hissəsində buz dağlarının əriyərək Atlantik okeanına qarışdığını və okeanda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını da əlavə ediblər. Ohayo Universitetinin tədqiqatçısı Maykl Bevis bildirib ki, peykdən göndərilən fotoşəkillər fəlakətin miqyasını tam əks etdirmir. Belə ki, adanın bir çox yerlərində qalın buz təbəqəsi kimi görünən hissələr də ərimək üzrədir. Bu ərimə Şimali Atlantika Ossilyasiyası (NAO) adlanan fenomendir. Alimin sözlərinə görə, bu fenomenin əsas səbəbi isə karbon qazının emissiyası nəticəsində atmosferin həddindən çox isinməsidir. “The Grace” kosmik peyklərinin 2016-cı ildə fəaliyyətini dayandırması isə tədqiqatçıları CPS sistemi vasitəsilə monitorinq aparmağa məcbur edib.

Böyük Britaniyanın Lids Universitetinin professoru Endryu Şeferd BBC-yə müsahibəsində deyib: “Təəssüf ki, “The Grace” peyklərinin fəaliyyətinin dayandırılması bu tədqiqatların zəifləməsinə səbəb olub. İndi bizim üçün Qrenlandiyada buz təbəqəsinin əriməsinin miqyasını dəqiq müəyyən etmək daha vacibdir. NASA-nın Almaniya Kosmik Mərkəzi ilə birgə missiyası davam etdirilməlidir. Çünki tədqiqatlar göstərib ki, bu adada buz təbəqəsinin əriməsi son 350 ildə görünməmiş səviyyəyə çatıb. ABŞ tədqiqatçıları Qrenlandiyada buz təbəqəsini ilk dəfə 1650-ci ildə ölçüblər”.

Analitiklər bildirirlər ki, Qrenlandiyada buz təbəqəsinin əriməsi ilk sənaye dövrünün başlanması vaxtı – 1800-cü illərdə başlayıb və 2004-2013-cü illərdə daha intensiv hal alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır