Tədqiqatçıların fikrincə, Aral dənizinin 17,6 min il yaşı var

509

Bir qrup ABŞ və Rusiya alimi tədqiqatlar apararaq, Aral dənizinin 17,6 min il əvvəl yarandığını tutarlı şəkildə əsaslandırıb.

AZƏRTAC “National Geographic” jurnalına istinadla xəbər verir ki, tədqiqatların əsas hissəsi Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sobolev adına Geologiya və Mineralogiya İnstitutu və ABŞ-ın Arizona Universiteti tərəfindən aparılıb.

ABŞ və Rusiya alimləri Aral dənizinin geoloji tarixi barədə yeni məlumatlar əldə etmək üçün keçmiş çökəyin şimal hissəsində bir neçə quyu qazıblar və gölün çöküntü qatını öyrənməyə başlayıblar. Litologiya (çökmələrin tərkibi) və mikrofauna (qabıq hissəsi kalsium karbonatdan olan xırda və mikroskopik su orqanizmləri – ostrakodlar və foraminiferlər) da tədqiq edilib.

Məlumatda deyilir: “Alimlər ilk dəfə tutarlı şəkildə müəyyən ediblər ki, müasir Aral dənizi (sututarın sahəsinin azalmağa başladığı ötən əsrin 1970-ci illərinə qədər olan ölçülərdə) təqribən 17,6 min il əvvəl yaranıb”.

Bu qənaət molyusk və ostrakodların qabıq hissələri radiokarbon tarixləri silsiləsi əsasında əldə edilib.

Lakin Aralın yaranması prosesinin özü daha tez – təqribən 18-23 min il əvvəl Pamir və Tyan-Şan buzlaqlarının əriməyə başladığı dövrdən sürət götürüb. Su Amudərya və Sırdərya çaylarının məcraları ilə aşağı doğru axaraq tədricən çökək ərazini doldurub. Nəticədə Aral dənizi əmələ gəlib.

17,6-13 min il əvvəl intervalında su kütləsinin parametrləri sabit olmayıb. Aralın inkişafının ən erkən fazası (17,6-15,3 min il əvvəl) çay sularının göl hövzəsinə daim və gur axını ilə xarakterizə olunur. Təqribən 15,3-14 min il əvvəl çay sularının miqdarı azaldığına görə su kütləsinin duzluluğu xeyli artıb. Duzluluğun ən yüksək səviyyəsi 14,5-14 min il əvvələ təsadüf edir. Bu, praktiki olaraq istənilən duzluluq səviyyəsinə dözə bilən “Cyprideis torosa” ostrakodlarının sayının artmasına təsir göstərib. Qeyd edək ki, bir vaxtlar Aral dənizində məskunlaşan 13 ostrakod növündən Böyük Aralın qalıqlarında yalnız bu ostrakod qalıb. Təqribən 14-13 min il əvvəl Aral sularının duzluluğu yenə də azalıb.

1989-cu ildə dənizin yerində Şimali Aral (Kiçik) və Cənubi Aral (Böyük) adlanan iki ayrıca sututar yaranıb. 2003-cü ildə Aral dənizi səthinin sahəsi onun ilkin səthinin təqribən dörddəbir hissəsini, suyunun həcmi isə təqribən 10 faizini təşkil edib. 2014-cü ildə Böyük Aralın şərq hissəsi tamamilə quruyub, lakin sonrakı illərdə yenə də su ilə dolub, hərçənd yaz fəslindən yaya keçəndə onun səviyyəsi və səthinin sahəsi xeyli azalır. Şərqi Böyük Aralın səviyyəsinin və səthinin ən yüksək göstəriciləri 2017-ci ildə qeydə alınıb. Ehtimal ki, bura təkcə Sırdəryadan deyil, Amudəryadan da su daxil olmağa başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır