ADDA-nın müəllimi: İnsan sevdiyi işlə məşğul olanda çətinlikləri az hiss edir

805

Çətin olanı bacarmaq onun həyat fəlsəfəsidir. Hədəf və məqsədə çatmaq üçün var gücü ilə çalışanlardandır.


DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Bir vaxtlar dənizçi olmaq, bu peşənin öyrədəninə çevrilmək onun üçün xəyal idi. İndi isə o, nəinki sevimli peşəsinə yiyələnib, hətta yüksək mükafata – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Söhbət Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrasının müdiri Elşən Sultanovdan gedir.  

Elşən Sultanov 1983-cü il  sentyabrın 10-da Xaçmaz rayonunun Həbibkənd kəndində dünyaya göz açıb. 2000-ci ildə  Yeni həyat qəsəbəsində N. İsayev adına orta məktəbin 11-ci sinfini bitirib. Elə həmin il Azərbaycan Dövlət Dəniz Akademiyasının «Gəmilərin elektrik avadanlıqları və avtomatikası» ixtisasına qəbul olub. 2004-cü ildə  bakalavriat  səviyyəsini başa vuraraq magistratura pilləsi üzrə təhsilini davam etdirib.

Elmə sonsuz marağının ilk bəhrəsini  2012-ci ildə  görüb. «Asinxron intiqallı gəmi yedək bucurğadının avtomatik idarə sisteminin işlənməsi və tədqiqi» mövzusunda dissertasiyanı uğurla müdafiə edib. 2013-cü ildən texnika üzrə fəlsəfə doktoru, 2016-cı ildən dosentdir. 24 elmi məqalənin, 15 fənn proqramının, 3 məşğələ və 7 metodik göstərişin müəllifidir. İki dərs vəsaiti və dörd dərslik çap etdirib. Akademiyanın Tədris-Metodiki şurasının elmi katibidir.

-Elşən müəllim, karyeranıza qısa bir səyahət edək? Nə vaxt və haradan başladınız?

-2007-ci ilin oktyabrından 2008-ci ilin sentyabrınadək Azərbaycan Dövlət Dəniz Akademiyasında «Gəmi elektrik avadanlığı» kafedrasında istehsalat təlimi üzrə usta, 2008-ci ilin sentyabrından həmin kafedrada laboratoriya müdiri, 2010-cu ilin sentyabrından assistent, 2013-cü ilin oktyabrından «Gəmi elektrik avadanlığı» kafedrasında baş müəllim, həmçinin Elektromexanika və radioelektronika fakültəsinin dekan əvəzi vəzifəsində çalışmışam. 2014-cü ilin sentyabrından  2015-ci ilin  sentyabrınadək “Gəmi elektrik avadanlığı” kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərmişəm. Bir müddət “Gəmi elektrotexnikası” fakültəsinin dekanı olmuşam. Hazırda “Gəmi elektroavtomatikası kafedrası”nın müdiriyəm. Bircə bunu deyə bilərəm ki, insan sevdiyi işlə məşğul olanda çətinlikləri az hiss edir.

-Bu gün Azərbaycanda dənizçilik təhsilinin vəziyyətini necə qiymətləndirirsiniz? Bu sahədə hansı üstünlüklərimiz var?

-Azərbaycanda dənizçilik təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, Dövlət Dəniz Akademiyasının müstəqillik dövründə yaranması dənizçilik təhsilinin inkişafının yeni mərhələsinin başlanğıcı oldu. Respublikamız dəniz ölkəsi olduğundan yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsinin əhəmiyyətini çox gözəl bilən Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Hazırda Akademiyanın diplomu dünyanın 170-dən çox ölkəsində tanınır. ADDA dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.

Gəmiçiliyin donanması müasir gəmilər hesabına zənginləşdikcə, Akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişlənir. Tədrisin dünya standartlarına cavab verməsi məqsədilə Akademiyanın müasir avadanlıq və trenajorlarla təchizatı ardıcıl şəkildə davam etdirilir.

Bir sıra beynəlxalq dənizçilik qurumlarının üzvü olan və müvafiq sertifikatlara malik Azərbaycan Dövlət Dəniz Akademiyası ötən illərdə olduğu kimi, yeni tədris ilində də bu istiqamətdə fəaliyyətini genişləndirir. Belə ki, 2018-ci ildən ADDA-da “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında ingilis dilində tədrisə başlanıb.

 -Elşən müəllim, dəniz və dənizçiliyin günümüzdəki rolunu necə  qiymətləndirərdiniz?

 -Dünyanın nəqliyyat sektorunu dəniz sferası olmadan təsəvvür etmək çətindir. Xəzərin qoynunda yerləşən Azərbaycanda da dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətini saxlayıb. Müstəqillik qazanıldıqdan sonra, xüsusən  son illərdə respublikamızda dəniz nəqliyyatının inkişafına daha böyük dəstək və qayğı göstərilir. Dənizin  həm strateji, həm siyasi, həm də iqtisadi cəhətdən həyatımızda rolu çox böyükdür.

-Tələbələrinizə təhsildən əlavə daha nələri məsləhət görürsünüz?

-Əlavə biliklərə yiyələnsinlər, dənizçiliklə bağlı ədəbiyyatla maraqlansınlar, texnologiyanın inkişaf etdiyi bir dövrdə internet vasitəsilə bu sahədə baş verən yenilikləri izləsinlər, idmanla məşğul olsunlar və dil öyrənsinlər.

– Rəhbəri olduğunuz kafedranın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

 -“Gəmi elektroavtomatikası” kafedrasında hazırda 7 dosent, 8 baş müəllim, 4  assitent və 1 köməkçi tədris heyəti çalışır. Beş laboratoriya otağı var.  Bundan başqa, bu yaxınlarda “Gəmilərin elektrik avadanlığı” adlı laboratoriya fəaliyyətə başlayıb. Burada əksər fənlərin laboratoriya işlərini yerinə yetirmək mümkündür. Eyni zamanda bir neçə ixtisas fənni həm də “Sabit Orucov” gəmisində tədris edilir.

“Gəmi elektroavtomatikası” kafedrasının əməkdaşları ilə “Gəmi elektrik avadanlığının texniki və iqtisadi göstəricilərinin yüksəldilməsi” sahəsində elmi tədqiqat işi aparmışıq və mühüm nəticələr əldə etmişik. Belə ki, vintinin addımı tənzim olunan gəmilərdə sinxron generatorunun əvəzinə asinxronlaşmış val generatoru tətbiq etməklə baş mühərrikin fırlanma tezliyini təxminən 30-40%-ə qədər dəyişməsinin mümkün olması,  iqtisadi cəhətdən əlverişli rejimdə işləməsi, bununla da yanacaq və yağa 20%-ə kimi qənaət olunması tədqiq edilib. Tədqiqat işinin nəticəsində asinxronlaşdırılmış sinxron val generatorunu elektrik mühərriki kimi işə salan və onun asinxron, eləcə də sinxron mühərrik kimi işləməsini təmin edən sxem işlənib, asinxronlaşdırılmış sinxron val generatorunda yükün və fırlanma sürətinin dəyişməsindən yaranan keçid prosesinin işlənməsi və bu prosesin yaxşılaşdırılması üçün təkliflər hazırlanıb.

Hazırda kafedramızda mənim rəhbərliyim altında gəmi köməkçi mexanizmlərinin texniki göstəricilərinin yüksəldilməsi sahəsində tədqiqat işləri davam etdirilir.

-Yəqin hələ də yüksək mükafatın sevincini yaşayırsınız?

 -Bəli, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində dövlət başçımızın Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməyim təkcə məni yox, doğmalarımı, tanışlarımı da çox sevindirdi. Buna görə möhtərəm Prezidentimiz İlham Əliyevə və ASCO-nun sədri Rauf Vəliyevə dərin minnətdarlığımı  bildirirəm. Çalışacağam ki, etimadı əməli işlərimlə doğruldum.