Əbu-Dabi Dünya okeanı problemlərinə dair sammitə ev sahibliyi edəcək

1461

Mart ayında Əbu-Dabi Dünya okeanı problemlərinə dair növbəti sammitə ev sahibliyi edəcək. Bu, Yaxın Şərqdə həmin mövzuda keçiriləcək ilk beynəlxalq konfrans olacaq.

AZƏRTAC xəbər verir ki, Əbu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın himayədarlığı ilə keçiriləcək sammitdə 26 ölkədən 500 nümayəndə, o cümlədən dövlət başçıları, siyasi liderlər, təşkilat rəhbərləri və alimlər iştirak edəcəklər.

Forum iştirakçıları innovasiyaların ən mükəmməl tətbiqi yolları, dayanıqlı “mavi iqtisadiyyatın” idarə edilməsi və inkişafı, həmçinin ətraf mühitin çirklənməsinin okeanlara mənfi təsirinin azaldılması məsələlərini müzakirə edəcəklər.

Dünya okeanı problemləri üzrə sammit Əbu-Dabi hökuməti tərəfindən Ətraf Mühitin Qorunması Agentliyi və İqtisadi İnkişaf Departamentinin dəstəyi ilə martın 5-dən 7-dək San-Regis-Saadiyyat adasında keçiriləcək. Sammit, həmçinin martın 3-dən 7-dək Əbu-Dabidə müxtəlif tədbirlərdən ibarət olacaq ilk “Mavi həftə” kampaniyasının tərkib hissəsidir.

Bu sammit, habelə “The Economist Group”un Dünya okeanı təşəbbüsü çərçivəsində Əbu-Dabidə ən yüksək səviyyədə keçiriləcək tədbirdir. Tematik “Körpülərin qurulması” sammitinin əsas hədəfi dayanıqlı “mavi iqtisadiyyat” yolunda dövlətlər və özəl şirkətlər arasında əməkdaşlığın möhkəmləndirilməsidir. Tədbir iştirakçıları üç gün ərzində Dünya okeanının gələcəyində maliyyə vəsaitlərinin, texnologiyaların, innovasiyaların və idarəçiliyin rolunu müzakirə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır