ASCO-da dənizçilərin sağlamlığının qorunması zamanı beynəlxalq təcrübə tətbiq olunur

615

By asco.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) dənizçilərin sağlamlığına çox ciddi diqqət yetirilir.

ASCO-ya məxsus “Dənizçilər poliklinikası” MMC-də dənizçilərin tibbi müayinələri Beynəlxalq Dəniz Təşkilatınının “Dənizçilərin Hazırlanması, Setifikatlaşdırlması və Növbə Çəkmə Standartları Haqqında Beynəlxalq Konvensiyasının” (STCW) tələblərinə uyğun həyata keçirilir. Bu məqsədlə “Dənizçilər poliklinikası” MMC-də mütəmadi tədbirlər görülür.

Dənizçilik sahəsi üzrə beynəlxalq müqavilələrin və aktların tələblərinin həyata keçirilməsi üzrə tədbirlərin görülməsi işlərini ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti və Sosial inkişaf və nəqliyyat şöbəsi yerinə yetirir.

Konvensiyanın şərtlərinə uyğun olaraq hazırda  “Dənizçilər poliklinikası” MMC-də müayinələr əvvəlki kimi hər il deyil, iki ildən bir aparılır. Həkimlər davamlı maarifləndirilir, onlar təlim və treninqlərə cəlb edilir. Daha sonra isə tibbi personal daxili test olunur. Testdən uğurla keçərək yüksək nəticə əldə edən həkimlər Tibbi Müayinə Komissiyasının tərkibinə qəbul olunur.  Bundan başqa, Poliklinikanın həkimləri Səhiyyə Nazirliyinin keçirdiyi sertifikasiya imtahanlarında da iştirak edirlər.

Beynəlxalq Konvensiyanın tələblərinə uyğun fəaliyyət göstərmək üçün  “Dənizçilər poliklinikası”MMC-nin maddi-texniki bazası da gücləndirilib. Əlavə avadanlıq və aparatlar alınıb, poliklinika müasir kompüter sistemləri ilə təchiz olunub. Bununla belə, həkimlər həmin avadanlıqların işləmə prinsipi ilə tanış ediliblər.

Bundan başqa, müayinədən keçənlərin dispanser qeydiyyatı aparılacaq. Həmçinin müayinə edilmiş dənizçilər barədə məlumatlar elektron qaydada arxivləşdiriləcək. Hazırda sözügedən sistemin istifadəyə verilməsi üzrə iş aparılır.

Qeyd edək ki, “Dənizçilər poliklinikası” MMC tibbi fəaliyyətlə məşğul olan çoxprofilli müalicə-profilaktika müəssisələri kimi ASCO-nun bütün işçilərinə və onların ailə üzvlərinə, habelə kənar şəxslərə yüksək ixtisaslı diaqnostik, ambulator-poliklinik və stasionar yardım göstərilməsi üçün yaradılıb.