Buzlaqların əriməsi “Rus Arktikası” Milli Parkında yeni adalar əmələ gətirir

605

Buzlaqların əriməsi “Rus Arktikası” Milli Parkında yeni adaların əmələ gəlməsinə şərait yaradır.

AZƏRTAC “ECOportal”a istinadla xəbər verir ki, 2018-ci ilin yay ekspedisiya mövsümündə Frans-İosif Torpağı arxipelaqında (“Rus Arktikası” Milli Parkının ərazisi) ekspedisiyada olan Şimal Donanmasının hidroqrafları Perlamutrovıy adasının yoxa çıxdığını təsdiq ediblər.

Yüz ildən çox əvvəl kəşf edilən Perlamutrovıy adası arxipelaqın ən şərq və ən iri adası olan Qreem Bellin yaxınlığında yerləşirdi. Başdan-başa buz qatı ilə örtülü olan bu adanın diametri 1,5 kilometrə bərabər idi.

Adanın yoxa çıxmasını “Rus Arktikası” Milli Parkında hələ iki il əvvəl peykdən çəkilən şəkillərdə aşkar ediblər. Xüsusi mühafizə olunan təbiət ərazisinin alimləri bildiriblər ki, yüksək enliklərdə belə geoloji relyef dəyişiklikləri əvvəllər də müahidə olunub, lakin son vaxtlar belə dəyişikliklər tez-tez baş verir. Planetimizdə iqlim dəyişir və bu da geoloji hadisələrə təsir göstərməyə bilməz.

Milli Parkın direktoru Aleksandr Kirillov deyib: “Adaların yoxa çıxması və yaranması Arktika üçün təbii prosesdir. Bu, iqlim dəyişmələri ilə bağlıdır. İqlim dəyişmələri bizə hələ çox sürprizlər vəd edir. Buzlaqlar əridikcə, çox şey üzə çıxır. Ola bilsin, Frans-İosif Torpağının konturları əslində müasir xəritələrdə göründüyü kimi deyildir. Qreem Bell adasında sahil eroziyası prosesləri müşahidə olunur. Bəlkə də ölçüsü kiçik olan qonşu ada suyun altına gedib, axın dəyişib, dib süxurları hərəkətə gəlib və “gəzən” ada yaranıb”.

Şimal Donanmasının hidroqrafları ekspedisiyalar zamanı Barens dənizinin akvatoriyasında 12 yeni ada, habelə bir körfəz, 14 burun və 6 buxta aşkar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır