“ADY Konteyner” multimodal logistika üzrə ilin şirkəti seçilib

821

Cənubi Qafqaz regionunun biznes sahəsində əsas mükafatı olan “Navigator Business Award”ın qalibləri elan edilib. Multimodal daşımalar üzrə ixtisaslaşmış “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC logistika sahəsində ilin ən yaxşı şirkəti nominasiyasına layiq görülüb.

MMC-dən AZƏRTAC-a bildirilib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Bu çağırışlara daha effektiv cavab vermək, multimodal daşımaları və artan yük həcmini səmərəli idarə etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 2017-ci ilin iyulunda “ADY Konteyner” MMC təsis edilib.

“ADY Konteyner” MMC Xəzər və Qara dəniz regionları, Avropa ölkələri, Mərkəzi Asiya, Uzaq Şərq və Fars körfəzi ölkələri arasında multimodal konteyner daşımaları və logistika xidmətləri göstərir. Şirkət qısa müddətdə konteynerlə yükdaşımalar sahəsində böyük uğurlara imza atıb. 2017-2018-ci illərdə əvvəlki dövrlə müqayisədə dəmir yolu ilə konteyner daşımalarında 4 dəfəyədək artım qeydə alınıb. Təkcə 2018–ci ildə ölkəmizin ərazisindən keçən müxtəlif beynəlxalq nəqliyyat marşrutları ilə ümumilikdə 40000 TEU daşıma həyata keçirilib.

Şirkət uzun məsafəli blok qatarların təşkili üzrə də ölkədə liderdir. Hazırda şirkət Çindən Avropaya, Hindistan və Fars körfəzi ölkələrindən Rusiya və Şimali Avropaya konteyner blok qatarları təşkil edir. Buna misal olaraq, Çinin Lyanyunqanq, Çenqdu, Çonqçin, İvu, Şian, Urumçu və digər şəhərindən Bakı, Tbilisi, Poti, İstanbul, Mersin, Triyest, Odessa, Kiyev, Slavkov istiqamətlərində təşkil olunmuş 30-dan çox blok-qatar göstərmək olar.

Ölkəmizin tranzit potensialının artırılması istiqamətində əvəzsiz rolu olan iki böyük dəmir yolu layihəsinin, Bakı-Tbilisi-Qars (BTQ) və Astara(İran)-Astara(Azərbaycan) dəmir yollarının istifadəyə verilməsi daşımaların həcminə əsaslı təsir göstərib. Belə ki, “ADY Konteyner” bu günədək BTQ və Astara dəmir yolu ilə 6000-dən çox konteyner daşıyıb. Bu rəqəmin hər il 2-3 dəfə artacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır