Cənubi Koreyada neft tankerində baş verən yanğında iki nəfər ölüb

332

Cənubi Koreyanın sahil sularında neft tankerində baş verən yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, ölkənin cənubunda sahildən 5 kilometr məsafədə hərəkət edən tankerdə yerli vaxtla səhər 5:40-da yanğın meydana gəlib. Köməyə gələn qüvvələr idarəetmə otağında iki heyət üzvünün cəsədini aşkarlayıblar. Ağır yanıq xəsarəti alan gəminin baş mühəndisi isə xəstəxanaya yerləşdirilib.

Yanğın vaxtı tankerdə 6 nəfərin olduğu bildirilir. Onlardan dördü yanğın baş verəndən dərhal sonra xilas ola bilib.

Yanğınsöndürənlər dörd saata yaxın müddətdə yanğını nəzarət altına ala biliblər. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır