Azərbaycan Rusiyada keçirilən 24-cü Beynəlxalq Nəqliyyat-Loqistika və Nəqliyyat Texnologiyaları Sərgisində iştirak edir

535

Rusiyada “TransRussia-2019” 24-cü Beynəlxalq Nəqliyyat-Loqistika və Nəqliyyat Texnologiyaları Sərgisi işə başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “Report”a verilən məlumata görə, sərgidə 27 ölkədən 395-dən çox şirkət müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması, liman və terminallarda yüklərin idarə edilməsi, əndazəsiz yüklərin daşınması üzrə xidmətlərini təqdim edirlər.

Sərgidə ilk dəfə olaraq Azərbaycan milli pavilyonu fəaliyyət göstərir. 120 kv/m sahədə qurulan pavilyonda ADY, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin stendləri yerləşir. Hər şirkətin nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, sərginin ilk günündə ziyarətçilərin sayı 16 mini keçib. Azərbaycanı təmsil edən qurumların stendləri də xüsusi marağa səbəb olub. Stendlər həm vizual, həm də informasiya dolğunluğuna görə digərlərindən fərqlənir. Müşahidəçilər ötən illərlə müqayisədə istər sərgidə iştirak edən şirkətlərin, istərsə də ziyarətçilərin Azərbaycanın nəqliyyat sahəsinə marağının artdığını qeyd edirlər. Sərgi çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Konkret mövzular ətrafında fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin qurulması barədə ilkin razılıq əldə edilib.

Azərbaycanın milli stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyası üzrə qalib elan edilib.