ABŞ Yaponiyaya yeni zərbə-desant gəmisi göndərir

414

ABŞ hərbi-dəniz qüvvələrinin komandanlığı Yaponiya Müdafiə Nazirliyinə ölkənin cənub-qərbindəki Kyüşu adasında yerləşən Sasebo hərbi-dəniz bazasına “Amerika” yeni zərbə-desant gəmisinin göndəriləcəyi barədə rəsmi məlumat verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilir ki, “Amerika” gəmisi beşinci nəsil F-35B döyüş təyyarələri, “Osprey” konvertoplanları, helikopterlər və 1700 hərbi dəniz piyadası kontingenti ilə təchiz edilib. “Amerika” gəmisinin Sasebo bazasındakı “Wasp” universal desant gəmisini əvəz edəcəyi qeyd edilir.

Qeyd edək ki, uzunluğu 260 metr olan “Amerika” gəmisi 44 ton su tutumuna malikdir və yüngül aviadaşıyıcı hesab edilir. Bu gəminin Uzaq Şərq sahillərinə göndərilməsi ABŞ hərbi-dəniz qruplaşmasını gücləndirməklə Çinə hərbi təzyiqi artırmağa xidmət edir.

İkinci Dünya müharibəsindən sonra Yaponiyada ABŞ-ın 7-ci donaması yerləşdirilib. Onun sərəncamında 70 müxtəlif tip gəmi və 300 təyyarə var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır