Dalğalar yüzlərlə ölü delfini Fransa sahillərinə atıb

348

Bu yaz Biskay körfəzinin sahilində əksəriyyəti delfinlər olmaqla, 1,2 min kiçik balinaya bənzər ölü heyvan tapılıb. Fransız ekoloqları hesab edirlər ki, əslində, ölən heyvanların sayı dörd dəfə artıqdır və dalğalar onların heç də hamısının cəsədlərini sahilə çıxarmayıb.

AZƏRTAC Phys.org portalına istinadla xəbər verir ki, PELAGIS təbiəti mühafizə təşkilatının ekoloqu Olivye van Kanneyt deyib: “Delfinlərin 85 faizi xəsarət almışdı. Bu, onların təsadüfən balıqçı torlarına düşməsi nəticəsində ola bilər”. Onun sözlərinə görə, Fransada dəniz məməlilərinin kütləvi tələf olması halları əvvəllər də olub. Lakin bu vəziyyət 2017-ci ildən sonra daha da kəskinləşib. Balıqçılara delfinləri qorxudan xüsusi qurğuların paylanmasına baxmayaraq, hər il tələf olan heyvanların sayı artır.

Alimlərin qənaətinə görə, vəziyyətin bu cür hal alması delfinlərlə insanın qidalanmaq üçün balıqlar uğrunda rəqabətinin artması ilə əlaqəlidir. Qlobal istiləşmənin təsir etdiyi su axınlarında dəyişmələr və biokütlələrin bölünməsi də bu məsələdə rol oynayır.

Van Kanneyt və onun həmkarlarının fikrincə, vəziyyətin bu istiqamətdə davam edəcəyi təqdirdə, artıq yaxın vaxtlarda Atlantikanın şimalında delfinlərin sayı kəskin azalacaq.

Fransa hökuməti yaranmış vəziyyəti araşdırmağı və ilin sonunadək heyvanların kütləvi tələf olmasının qarşısını almaq üçün tədbirlər paketi hazırlamağı vəd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır