Vaşinqtonda Azərbaycandan keçən nəqliyyat və neft-qaz layihələri müzakirə olunacaq

135

Mayın 22-23-də Vaşinqtonda ABŞ Ticarət Palatasının və bir sıra səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin dəstəyi ilə IV Transxəzər Forumu keçiriləcək.

Bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir.

Tədbir Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistanın ABŞ-dakı səfirliklərinin dəstəyi ilə Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən təşkil olunub.

Transxəzər ticarət və tranzit dəhlizi Avropa ilə Asiya arasında regional inteqrasiya və ticarətə yardım edən və tərkibinə Xəzər dənizindən qərbdə Azərbaycan, Gürcüstan və Türkiyə, şərqdə isə Qazaxıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstanın daxil olduğu əlaqələndirici bənddir.

Xəzər Siyasət Mərkəzindən qeyd ediblər ki, ABŞ neft və qaz boru kəmərləri vasitəsilə regional əlaqələrin genişləndirilməsinə yönəlmiş, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, “Lazurit dəhlizi” nəqliyyat marşrutu və “C5+1 formatı” kimi regiondaxili əməkdaşlıq və ticarətə yarım edilməsi üzrə birgə təşəbbüslərin həyata keçirilməsi yolu ilə Transxəzər dəhlizinin inkişafında mühüm rol oynayır. Dəhlizin yaranan iş potensialı yaxşı öyrənilməyib, Xəzəryanı ölkələrin ABŞ ilə ticarəti Avropa İttifaqı və Çinlə müqayisədə çox geri qalır. Xəzər regionunun problemlərini öyrənən ABŞ-ın aparıcı analitik mərkəzinin təşkil etdiyi qarşıdakı beynəlxalq forum da bu boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.

Transxəzər Forumunda Vaşinqton ilə Xəzəryanı ölkələr arasında strateji qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün imkanlar və problemlər nəzərdən keçiriləcək. Həmçinin bütün maraqlı tərəflərin maraqlarına uyğun biznes, ticarət və investisiya imkanlarının da araşdırılması planlaşdırılır.

Forum tədbirləri ABŞ Konqresinin məkanlarında keçiriləcək.

Konfransda ABŞ Ticarət Palatasının qlobal təşəbbüslər üzrə vitse-prezidenti Qari Litman, ABŞ Dövlət Departamentinin nümayəndələri, nazirlik nümayəndələri, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistanın səfirləri, eləcə də Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov və Nəqliyyat və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin iştirak edəcəyi artıq məlumdur.