Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Bakıda yelkənli qayıq yarışı keçiriləcək

148

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 9-11-də Bakı buxtasında “Baku Sailing Regatta-2019” yelkənli qayıq yarışı keçiriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə uğurla həyata keçirilən idman siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizi dünyada idman dövləti kimi tanıdıb. Təqdirəlayiq haldır ki, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər turnir yoxdur ki, atletlərimiz medal və mükafatlar qazanmasınlar. Bu, həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın vətənpərvərliyini göstərir. Beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.

Azərbaycanda idmanın inkişafına, gələcək nəsillərin sağlam ruhda böyüməsinə daim xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Baku Sailing Regatta-2019” yarışı Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə keçiriləcək.

Reqatanın birinci mərhələsi mayın 9-da saat 11:00-da Dənizkənarı Milli Parkda (Yaxt-klub ərazisində) baş tutacaq. Həmin gün yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə mübarizə aparacaqlar. Yarışa mayın 11-də yekun vurulacaq. Həmin gün yarışın qaliblərinin mükafatlandırılması ilə yanaşı, Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da təşkil olunacaq.

Dənizkənarı Milli Parka bayram əhval-ruhiyyəsi gətirəcək reqata əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanışlıq üçün əsl fürsət olacaq. Yarışlara baxmaq sərbəstdir.

Xatirladaq ki, yelkənli qayıq yarışı ikinci ildir təşkil edilir. Ötən il keçirilən reqata həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır