Dövlət balıqyetişdirmə müəssisələri özünü doğrultmadı – İdxal problemi və Ekologiya Nazirliyinin özəlləşdirmə proqramı şəffaflıq gözləntisində…

473

“Elə etmək lazımdır ki, bu işlə məşğul ola bilən sahibkarlar həmin müəssisələrə rəhbərlik etsinlər”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, qurumun tabeliyində olan bütün balıqartırma zavodları özəlləşdirməyə açıq elan olunacaq. Artıq bununla bağlı Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Komitəsi ilə lazım olan yazışmalar aparılır. O da bildirilib ki, bu məsələ ilə bağlı maraqlı təklifləri, biznes planları olanlar nazirliyə müraciət edə bilərlər.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin fikrincə, Azərbaycanda balıqçılığın inkişafı üçün potensial var: “Balıqartırma zavodlarının özəlləşdirməyə açıq elan olunmasında məqsəd ölkədə balıq bolluğu yaratmaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq biz maraqlıyıq ki, hər kəsin süfrəsində insan sağlamlığı üçün çox önəmli qida olan balıq olsun. Sahibkarlar bu zavodları özəlləşdirməklə müasir standartlara uyğun balıq sənayesinin qurulmasına öz töhfələrini verəcəklər”.

O da məlum həqiqətdir ki, Azərbaycanın bununla bağlı böyük potensialı olsa da, balıq və balıq məhsullarına olan tələbatın bir hissəsi idxal hesabına ödənilir. Dövlət mülkiyyətində olan müəssisələrin potensialından yetərincə səmərəli istifadə edilməyib. Baxmayaraq ki, son illər ölkəmizdə balıq məhsullarına tələbatın artması müşahidə edilir. Rəsmi statistikaya görə, 2018-ci ildə Azərbaycan 9 min 880 ton balıq idxal edib. Balıq idxalına 15 milyon 569 min dollar vəsait sərf olunub. Müşahidələr göstərir ki, Azərbaycan balıq idxal etməkdə davam edir və balığa olan tələbatın bir hissəsi məhz idxal hesabına ödənilir. Ölkəmiz təzə balıqla yanaşı, balıq konservləri də idxal edir. Ötən il Azərbaycan 5 min 925 ton balıq konservləri idxal edib.

Bütövlükdə, ETSN-in tabeliyində olan balıqartırma zavodlarının özəlləşdirilməsi zamanı nə etmək lazımdır ki, proses şəffaf getsin?  Bununla bağlı ekspertlər nə təklif edirlər?

  • Ruslan Atakişiyev: “Hesab edirəm ki, özəlləşmə sayəsində ölkədə balıq istehsalı və ixracı arta bilər”

Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyevin sözlərinə görə, sözügedən məsələdə bir sıra məqamlara diqqət etmək lazımdır: “Əvvəla ETSN-in tabeliyində olan müəssisələrin özəl sektora verilməsi mühüm əhəmiyyət kəsb edir. Balıqçılığın inkişafı baxımından bu vacibdir. O cümlədən, özəlləşdirmə zamanı şəffaflığın təmin edilməsi vacibdir. Elə etmək lazımdır ki, bu işlə məşğul ola bilən sahibkarlar həmin müəssisələrə rəhbərlik etsinlər. Müəssisələrdən təyinati izrə istifadə edilsin. Bütün bunlar özəlləşmə prosesinin şəffaf olmasından keçir. Özəlləşdirmə rəqabətin gücləndirilməsinə müsbət təsir edə bilər. Balıq sənayesində ən ciddi problemlərdən biri rəqabətin zəif olmasıdır. O baxımdan balıqartırma zavodlarının özəlləşdirilməsi məqsədəuyğundur. Çünki bu sahənin özəl sektora verilməsi dövlətin yükünü azaldır. Özəl sektor daha çox maraqlı olur ki, istehsal etdiyi məhsul bazarda alınsın. Ona görə də hesab edirəm ki, bunun sayəsində ölkədə balıq istehsalı və ixracı arta bilər. Həm də bu müəssisələrdən dövlət büdcəsinə vergilər daxil olacaq. Düzdür, bəzi balıq məhsulları Azərbaycanda istehsal olunaraq ixrac olunur. Məsələn, ikra ixracını göstərmək olar. Ancaq, bütövlükdə, balıq və balıq məhsullarının istehsalı yetərli səviyyədə deyil. Elə balıqlar var ki, Xəzər dənizində olmur. Həmin balıqların idxalını hardasa anlamaq olar. Ancaq nəzərə almaq lazımdır ki, bu sahədə Azərbaycanın potensialı böyükdür. Sadəcə, bundan səmərəli və düzgün istifadə etmək lazımdır. Bu zaman həm daxildə məhsul bolluğu yaranacaq və qiymətlər düşəcək, həm də bu, ixraca öz töhfəsini verəcək”.