BMT: iqlim dəyişmələri və okeanların vəziyyətinin pisləşməsi Sakit okean regionunun iki fundamental problemidir

1227

Sakit okean ölkələri qlobal istiləşmənin fəsadlarından daha çox əziyyət çəkirlər. Dünya okeanı səviyyəsi bundan sonra da artmaqda davam edərsə, o zaman ada dövlətləri su altında qalmaq təhlükəsi ilə üzləşəcək.

AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu barədə baş katib qismində ilk dəfə Ficiyə gələn Antonio Quterreş bəyan edib.

BMT-nin Baş katibi Ficinin paytaxtı Suvada mətbuat konfransındakı çıxışı zamanı deyib: “Sakit okeandakı ada dövlətləri iqlim dəyişmələrində daha az təqsirkardırlar, lakin onlar mənfi fəsadlardan hamıdan çox əziyyət çəkirlər. Onlar həm öz əhalisinin müdafiəsi üçün əllərindən gələni edir, həm də istixana qazlarının atmosferə atılmasını azaldaraq istiləşmə ilə mübarizəyə qlobal töhfə verirlər. Bununla da dünyanın sənaye baxımdan inkişaf etmiş ölkələrinə örnək olurlar”.

BMT rəhbəri forumda iştirak edən Sakit okean adalarının liderlərinə müraciətində göstərib ki, region ölkələrinin qarşılaşdıqları iki “fundamental problem” var: iqlim dəyişmələrinin nəticələri, həmçinin okeanın çirklənməsi və okean suyunun qalxması.

“Sakit okean regionu iqlim dəyişmələrinin nəticələrini hamıdan əvvəl hiss edir. Bu, o deməkdir ki, siz buna qarşı mübarizədə bizim müttəfiqimizsiniz”, – deyə BMT rəhbəri forum iştirakçılarına müraciət edib.

Son 4 ilin müşahidələr tarixində ən isti illər olduğunu qeyd edən Antonio Quterreş Qrenlandiya və Antarktida buzlaqlarının əriməsini, həmçinin 2100-cü ilədək okeanların səviyyəsinin tam bir metr qalxacağı barədə ekspertlərin proqnozlarını xatırladıb. Baş katib bu problemin, ilk növbədə, Sakit okean dövlətlərinə təsir edəcəyini, bəzi adaların sadəcə yox olacağını vurğulayıb.

Antonio Quterreş dəniz ehtiyatlarının tükədilməsinin digər səbəblərini, o cümlədən bu ehtiyatların çox güclü istismarını və həddən artıq balıq ovunu göstərib. O, oksigendən məhrum olan “sualtı səhra”ları, zəhərli tullantıların və zibil yığınlarının töküldüyü dənizləri, həmçinin flora və faunanın nəsli kəsilməkdə olan bir çox növlərini xatırladıb.

BMT başçısı iqlim dəyişmələri və okeanın sağlamlığı ilə bağlı problemlərin həlli üçün Paris sazişinin müddəalarına riayət etməyə və 2030-cu ilədək olan dövrdə dayanıqlı inkişaf sahəsində hədəflərə nail olmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır