ASCO 26-cı Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir

314

Metbuat.az xəbər verir ki, sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Caspian Marine Services (CMS) şirkəti birgə stendlə təmsil olunur.

Builki sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilk dəfə olaraq ASCO brendi ilə iştirak edir. Stenddə ziyarətçilərə şirkətin təmsilçiləri ASCO-nun gəmilərinin istər ölkə daxilində, istərsə də beynəlxalq layihələrdə iştirakı və rolu barədə ətraflı məlumat verir, onları maraqlandıran sualları cavablandırırlar. Bundan başqa, stenddə quraşdırılan monitorda ASCO-nun dənizdəki əməliyyatlarından görüntüləri əks etdirən videoçarx nümayiş olunur. Həmçinin, iştirakçılara müxtəlif çap məhsulları təqdim edilir.

ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə və MDB ölkələri, ölkələrini təmsil edən 250-dən artıq şirkətin qatıldığı sərgidə ASCO-nun stendi xüsusi tərtibatına görə göz oxşayır. Bu baxımdan stendin qarşısında ayaq saxlayan ziyarətçilər də çox olur.

Qeyd edək ki, sərgi öz işini iyunun 1-dək davam etdirəcək. Bu il sərgi əlavə tədbirlər ilə zəngin olacaq. Ənənəvi olaraq, “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək.