Dənizçi ailələri “Atam, anam və mən” adlı idman-turizm yarışında iştirak ediblər

489

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və SOCAR-ın birgə təşkilatçılığı ilə Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən” adlı idman-turizm yarışı keçirilib. Tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub və əsas məqsəd sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə baş tutan yarış iki gün davam edib. İştirakçılar qalib adını qazanmaq üçün çadır quraşdırmaq, meşə zolağındakı maneələri dəf etmək, topları səbətə atmaq, labirint şəklində quraşdırılmış iplərin arasından keçmək, iki ağaca bağlanmış ipin üzərindən yerimək, oxlarla hədəfi vurmaq və sair növlər üzrə yarışlarda güclərini sınayıblar. Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, ailənin ən kiçik üzvlərinin də çevikliyi vacib rol oynayıb.

Yarışların ümumi nəticələrinə əsasən “Bibiheybət” Gəmi Təmiri Zavodunun təmsilçisi Mustafayevlər ailəsi (oğlan) və “ASCO Nəqliyyat” MMC-nin Cavadovlar ailəsi (qız) qalib adını qazanıblar. İkinci yeri Dəniz Nəqliyyatı Donanmasının İsmayılovlar ailəsi (qız) və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Nəsirovlar (oğlan) ailəsi tutub. Üçüncü yerdə Xəzər Dəniz Neft Donanmasının Xəlilovlar ailəsi, “Bibiheybət” Gəmi Təmiri Zavodunun təmsilçisi Rüstəmovlar ailəsi qərarlaşıb. Qalib komandalara diplom və qiymətli hədiyyələr verilib.

Yarış çərçivəsində ASCO və SOCAR-ın əməkdaşları arasında voleybol yarışı da baş tutub. Oyunda 3-2 hesabı ilə SOCAR-ın komandası qalib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır