“Rusların təlimi Azərbaycan üçün təhlükəli manevrdir” – Moskvanın PLANI NƏDİR?

557

Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasa, Rusiya rəsmi Bakıya qarşı olacaq.

Analitik Elçin Mirzəbəyli Redaktor.az-a açıqlamasında Rusiyanın Mərkəz və Cənub hərbi dairələrində və Xəzər donanmasında qəfil döyüş hazırlığı yoxlanılmalarına başlamasına münasibət bildirib.

Analitik hesab edir ki, Rusiyanın bu addımı regionda ABŞ və İran arasında irəliləyən təhlükəli proseslərlə bağlıdır:

“Rusiyanın təlimləri, əsasən regionda baş verə biləcək hadisələrin proqnozlaşdırılması ilə bağlıdır. Qəfil döyüş yoxlamalarına başlanması çox güman ki, İran-ABŞ münasibətlərindən qaynaqlanır. Çünki regionda ABŞ-İran münasibətlərinin münaqişə zəmininə keçmə ehtimalı kifayət qədər yüksəkdir”.

Analitik istisna etmir ki, burada Gürcüstan amili də müəyyən qədər rol oynayır:

“Amma indiki şəraitdə Gürcüstan Rusiya üçün baş verən son olaylara görə regionda hər hansı təhlükə yaratmır. Bütün hallarda, regionda İranla ABŞ arasında qarşıdurma baş versə, bunun təsiri bütün region dövlətlərinə olacaq. Amma region dövlətləri də perspektivdə baş verə biləcək hər hansı təhlükə ilə bağlı özlərini sığortalayıblar”.

E. Mirzəbəyli Rusiyanın Cənub Hərbi Dairəsi, Xəzər dənizi istiqamətində qoşunlarını aktivləşdirməsi nəticəsində Azərbaycan üçün hər hansı təhlükə yaranacağını düşünmür:

“Xarici İşlər naziri Elmar Məmmədyarovun son müsahibəsində maraqlı məqam var idi. Bu, münaqişənin tənzimlənməsi prosesindəki məsələlərlə bağlıdır. Belə ki, XİN rəhbəri həmsədrlərlə müzakirədə regionda baş verə biləcək məsələlərin də müzakirə mövzusu olmasına diqqət çəkib. Digər tərəfdən, Müdafiə naziri Zakir Həsənov da son mətbuat konfransında “beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir”- bəyanatı da məhz regionda baş verənlərlə bağlı idi. İndiki şəraitdə regionda baş verə biləcək hər hansı genişmiqyaslı hərbi əməliyyat bütövlükdə digər proseslərə də təsir göstərə bilər. Hər halda, ortalıqda bir fikir və buna fərqli yöndən yanaşmalar var”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli də məsələ ilə bağlı saytımıza danışıb. Politoloq baş verənlərin çox təhlükəli manevr olduğunu vurğulayıb:

“Birdən-birə həm dənizdə, həm də bütün Şimali Qafqazda diskalasiya edilmiş rus qoşunlarının, Ermənistanda yerləşdirilmiş 102-ci briqadanın döyüş hazırlığı səviyyəsinə qaldırılması məqsədi ilə keçirilən təlimlər, Gürcüstana və birinci növbədə Azərbaycana qarşı göz ağartmaq kimi qiymətləndirilə bilər. Azərbaycan Dağlıq Qarabağ istiqamətində hərbi əməliyyatlara başlamaq və ərazi bütövlüyünü təmin etmək üçün müəyyən hərbi əməliyyatlara başlamalı idi. Görünür, Rusiya hələ ki, sözlə demək istəmədiklərini müəyyən hərəkətlərlə göstərməyə çalışır. Xüsusilə Şimali Qafqaz hərbi dairəsində çox böyük qoşun ehtiyatlarının hərbi təlimlərə başlaması onun cavabıdır. Bundan başqa, Ermənistan ərazisindəki Ermənistan-Rusiya qoşun birləşmələri də hərbi təlimlərə başlayır”.

Q. Hüseynli hesab edir ki, Rusiya açıq-aşkar Azərbaycana Qarabağda hərbi əməliyyatlara başlasa, qarşısında olacağını söyləmək istəyir:

“Bu, xoş olan vəziyyət deyil. Uzun illərdən sonra ilk dəfə Azərbaycan Ordusu ciddi təlimlər həyata keçirib təmas xətti boyunca cəmləşdiyi vaxtda, Rusiya bu cür addım atır. Bu, bir daha problemin həllinə kimlərin mane olduğunu, prosesi kimlərin dondurduğunu göstərir. Bu konteksdən Paşinyankimilərin niyə danışıqlardan imtina etdiyini, qondarma qurumun danışıqlara cəlb edilməsinin zəruriliyi ilə bağlı fikirlər ortaya atdığını anlamaq çətin olmur”.

Xatırladaq ki, 25 iyun tarixində Rusiya Xəzər donanmasında qəfil döyüş hazırlığı yoxlamalarına başlayıb. Bundan əvvəl isə Rusiya Mərkəz və Cənub hərbi dairələrində də qəfil döyüş hazırlığı yoxlamalarına başladığını bəyan edib.