Alimlər istiləşmənin son iki minillikdə ən yüksək səviyyəyə çatdığını bildiriblər

275

Yer kürəsində istiləşmənin səviyyəsi son iki minillikdə ən yüksək səviyyəyə çatıb, temperaturun artması isə dünyanın daha çox regionlarını əhatə edib. AZƏRTAC Nature и Nature Geoscience nəşrinə istinadla xəbər verir ki, İsveçrənin Bern Universitetinin alimləri bu qənaətə gəliblər.

Jurnalda dərc olunmuş hesabatda deyilir ki, planetimizin tarixində bir neçə dəfə soyuma və istiləşmə prosesləri olub. Xüsusən, kiçik buz dövrü təxminən 1300-cü ildən 1850-ci ilədək davam edib. Köhnə qitədə daha çox müşahidə olunan həmin dövrdə havanın kəskin soyuması həmin illərin rəssamlarının əsərlərində də öz əksini tapıb. Elm sübut edib ki, kiçik buz dövrünün yaranma səbəbi X-XIII əsrlərdə mülayim və isti havaların hökm sürməsi olub.

Professor Rafael Nyukomun rəhbərliyi ilə Bern Universitetinin tədqiqat qrupu belə qənaətə gəlib ki, son iki min ildə Yer kürəsində eyni vaxtda bütün regionlarda istiləşmə və ya soyuma müşahidə olunmayıb. “Əlbəttə, kiçik buz dövründə bütün dünyada ən soyuq temperatur qeydə alınıb, lakin bu, heç də hər yerdə və eyni vaxtda olmayıb. Torpağın, mərcanların və buzlaqların tədqiqi göstərib ki, həmin dövrdə Yer kürəsində havanın temperaturu müxtəlif regionlarda müxtəlif cür olub. Tədqiqatçılar bildirirlər ki, hazırda tamamilə fərqli iqlim dəyişikliyi müşahidə olunur və bu, son iki min il ərzində olduğuna bənzəmir. Onların qənaətinə görə, XX əsr son iyirmi əsrin ən isti dövrü olub. “Bu, Yerin səthinin 98 faizində qeydə alınıb və göstərir ki, iqlim dəyişikliyi heç də təsadüfi amillərlə bağlı deyil. Bu fəsadlar karbon qazının və digər qazların emissiyası ilə əlaqədardır. İndi bütün planetdə istiləşmə müşahidə olunur, qlobal iqlimin dəyişməsi tempi isə heç bir vaxt bu qədər yüksək olmayıb”, – deyə alimlər vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır