Beynəlxalq daşımalar zamanı ƏDV necə tənzimlənir?

439

Təcrübədə bəzən vergi ödəyiciləri ixrac zamanı malların gömrükdən sonra daşınmasını həyata keçirirlər. Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində qeyd edilir ki, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı olan yükayrılma xidməti və beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi əməliyyatı zamanı ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq olunur.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Maddədə diqqət çəkən digər məsələ beynəlxalq sərnişin daşınması ilə bağlı əməliyyatlardır. Bəzi vergi ödəyiciləri düşünürlər ki, aviaşirkətlər vergi ödəyicilərinə xarici ölkələrə səfərlərlə bağlı təyyarə bileti satdıqda bu əməliyyatlar ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunur. Ancaq təyyarə biletlərinin satışı ilə məşğul olan ƏDV ödəyiciləri ƏDV-yə ümumi qaydada, yəni 18 faiz dərəcə ilə cəlb edilirlər.

Belə ki, bəzi vergiödəyicilərinin fikrincə, aviaşirkətlər vergiödəyicilərinə xarici ölkələrə səfərlərlə bağlı təyyarə bileti satdıqda bu əməliyyatlar ƏDV-yə 0 dərəcə ilə cəlb olunur. Ancaq təyyarə biletlərinin satışı ilə məşğul olan ƏDV ödəyiciləri ƏDV-yə ümumi qaydada, yəni 18 faiz dərəcə ilə cəlb edilirlər.

Mövzu ilə bağlı ortaya çıxan məsələləri iqtisadçı ekspert Anar Bayramov konkret misal əsasında şərh edir: Tutaq ki, “A” MMC Türkiyədən mal idxal edir. Razılaşmaya əsasən, qeyri-rezident tərəfindən 8.000 ABŞ dolları həcmində məbləğ malların daşınması xərci kimi alıcının üzərinə qoyulur. 8.000 dollar daşınma xərcinin 5.000 dolları hesabına mallar Azərbaycan sərhədinə gətirilir, 3.000 dollar isə Azərbaycan ərazisindəki daşınma xərcinə aid edilir. Bu zaman 5.000 dollar daşınma xərci əməliyyatına ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq ediləcək. Amma gömrük məntəqəsindən anbara qədər daşınma xərci olan 3.000 dollar 18 faiz ƏDV-yə cəlb olunur və 540 dollar (3000 *18 faiz) məbləğində ƏDV hesablanır.

Qeyd edək ki, ƏDV bəyannaməsinin 4 saylı “ƏDV-yə sıfır (0) dərəcə ilə tutulan dövriyyə barədə məlumat” Əlavəsində bu maddəyə uyğun aparılan əməliyyatlar 302.4-cü sətirdə qeyd olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır